“Bu gün xalqımız Heydər Əliyevin uzaqgörənliyini və böyüklüyünu bütün əzəməti ilə görür” Rəşad Mahmudov

Azərbaycanda milli özünüdərkin, intibahın yaranması və formalaşması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Əsrin əvvəlllərində qazanılmış və az sonra itirilmiş dövlət müstəqilliyinin əsaslarının qorunub dirçəldilməsi yönündə ulu öndərin fəaliyyəti ən çətin şəraitdə belə xalqa xidmətin misilsiz örnəyidir. Ulu Öndər tarixi ərazilərin dəyişdirildiyi kimi, milli düşüncənin də məhvə məhkum edildiyi Azərbaycanda milli-mənəvi dəyərlərin yaşadılması və xalqımızı gələcək müstəqillik savaşına hazırlamaqda müstəsna rol oynayıb. O dövrdə ana dilinin dövlət dili səviyyəsinə qaldırılması və inkişaf etdirilməsi də istiqlalımıza gedən yolun başlanğıcı idi. Bütün bunlarla xalqımızın dahi oğlu Heydər Əliyev milli varlığın immunitetini yüksəltmiş, mədəni intibahı ümumi tərəqqinin təkanverici amilinə çevirməyə nail olmuşdu.

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, hələ Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə gələcək respublikanın rəhbəri Heydər Əliyev milli maraqlarımızın keşiyində dayanmışdı. Ulu öndər mütərəqqi ziyalılarımızı kommunist- diktatura sisteminin repressiya hücumlarından qorumaqla Vətənə sədaqətini nümayiş etdirərək xalqın milli mənafeyini imperiya qanunlarından üstün tutdu. Ziyalılarımızın ötən nəsilləri bu həqiqəti öz talelərində görüb-yaşamış və xalq xidmət imkanlarından bəhrələniblər.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkənin mütərəqqi idarə edilməsi modelini yaradaraq Azərbaycanda milli özünəqayıdış və milli azadlıq ruhunu yüksəldə bildi. Azərbaycan dilinin dövlət dili statusu alması xalqımızın müstəqillik düşüncələrinə yeni nəfəs verdi. Ulu öndərin belə bir şəraitdə istedadlı gənclərimizin o zamankı ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almasını təşkil etməsi gələcək müstəqil Azərbaycanın milli kadr hazırlığında önəmli addım oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bütün çətinliklərə baxmayaraq yaradılması da ulu öndərin Azərbaycanın milli zabitlər nəslinin hazırlanmasının təməli idi.

Ulu Öndər sovet dövlətinin ali rəhbərliyində yüksək dövlət vəzifəsində çalışdığı dövrdə də öz xalqına xidmətini geniş miqyasda davam etdirib. Ermənipərəst Qorbaçovun dəstəsi Azərbaycan liderini siyasi olimpdən kənarlaşdırdıqdan sonra da ulu öndər məhdud imkanlarla öz xalqının taleyüklü məqamlarında öndə oldu. 1990-cı ilin 20 Yanvarında, ən ağır günümüzdə xalqımızın qeyrətli oğlu müstəsna bir iradə və cəsarətlə bu qətliamı törədənlərə qarşı açıq savaş açdı.

Heydər Əliyev Azərbaycana bağlılığını, Vətən sevgisinin hər şeydən üstün olmasını, o cümlədən, öz böyüklüyünü və ucalığını sübut edərək göstərdi ki, heç bir vəzifə sahibi olmadan da adi vətəndaş kimi xalqa xidmət göstərmək olar. Həyatını riskə atan ümummilli lider 20 Yanvar qırğınından sonra Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək məqsədli şəkildə blokada şəraitinə salınmış respublikamızın haqq səsini və ona qarşı törədilmiş hərbi-siyasi cinayəti bütün dünyaya bəyan etdi.

Xalqımızın sevimli övladının ölkəmiz qarşısında danılmaz xidmətləri o qədər böyükdür ki, yazmaqla, danışmaqla bitib-tükənməz. Əgər Heydər Əliyev olmasaydı, bu gün müstəqilliyi ilə öyündüyümüz qüdrətli Azərbaycan da yox idi. Tarixi istiqlaliyyətini qazanmış Azərbaycanın müstəqilliyinin ilk illərində yaşananlara bu günün zirvəsindən nəzər saldıqca ilk olaraq düşünürük ki, nə xoşbəxtik ki, xalqımızın Heydər Əliyev kimi xilaskar lideri olub.

O zaman inanılmaz siyasi gedişləri ilə ölkəmizin daxili və xarici düşmənlərinin qarşısını almış böyük Heydər Əliyev müstəqilliyimizi qorudu, sabitliyi və milli birliyi təmin etdi, dirçəlişə, gələcək inkişafa əsaslar yaratdı. Tarix də sübut etdi ki, Heydər Əliyevin varlığı Azərbaycanı faciələrdən qoruyan həlledici amil olmuşdur. Şübhəsiz, həmin dövrdə Azərbaycanın indiki qan gölünə bənzəyən Suriyanın taleyi ilə üzləşməməsi yalnız Heydər Əliyevin xilaskarlıq missiyasının uğurla gerçəkləşməsinin nəticəsi idi.

Prezident Heydər Əliyev ikinci dəfə ölkəyə rəhbərliyi dövründə “Əsrin müqaviləsi”ni böyük çətinliklərə və təzyiqlərə baxmayaraq imzalamağa nail olmaqla Azərbaycanı böyük iqtisadi layihələrin mərkəzinə çevirdi. Ərazilərin işğalının dayandırılması və güclü ordu quruculuğu da müstəqil dövlətin inkişaf konsepsiyasının ayrılmaz sütunlarından biri oldu. İllər sonra dahi liderin qurduğu, əziyyətlə yaratdığı ordu yenilməzlik statusunda Prezident İlham Əliyevin sərkərdəliyi altında Qarabağı işğaldan zəfər yürüşü ilə xilas etdi.

Bu gün qüdrətli Azərbaycanın yüksəldiyi zirvəyə boylandıqca xalq bir daha Heydər Əliyevin uzaqgörənliyini və böyüklüyünu bütün əzəməti ilə görüb, yəqin edir. İnkişafımızda, xoşbəxt günlərimizdə, milli tərcümeyi-halımızda Heydər Əliyevin mübarək adı və imzası var.

Deputat sonda qeyd edib ki, məlum olduğu kimi, mayın 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Artıq beşinci aydır ki, ölkəmiz Heydər Əliyev təntənəsi ilə ümummilli məmnunluq prosesi içərisindədir.

Zəngin ideya-mənəvi irsi milli tərəqqi yolumuza işıq salan ulu öndər Heydər Əliyevi xalqımıza bəxş edən günün 100 illiyi günlərində onun əziz xatirəsini qədirbilənliklə və ləyaqətlə anmaq, hər şeydən əvvəl hər birimizin vətəndaşlıq borcu və şərəf işidir. Çünki bugünkü milli varlığımız və mövcudluğumuz Heydər Əliyevin əməllərinin ölməzliyi ilə sıx bağlıdır. Onun həyatı xalqa xidmətin ən mükəmməl örnəyidir. Ulu Öndər milli varlığımızın beşiyi Azərbaycan qədər bizə əziz və doğmadır. Biz onu sevirik və böyüklüyü ilə fəxr edirik. Vətənin fenomen oğlu gələcəyimizin yolunda əbədi öndərdir.