“İnanıram ki, türk xalqı bu məsələdə öz sözünü deyəcək” Vahid Əhmədov

Vahid Əhmədov: “Bu layihə türk dünyasının maraqlarına xəyanətdir”

Türkiyənin CHP lideri Kamal Kılıçdaroğlu tarixi İpək yolu ilə bağlı səsləndirdiyi açıqlama ölkəmizdə ciddi narazılıqla qarşılanıb. Buna səbəb Kamal Kılıçdaroğlunun məntiqdən uzaq açıqlamasında Azərbaycanıntarixi İpək yolundan kənardan saxlanılması, ölkəmizin adının ümumiyyətlə çəkilməməsidir. Çindən başlayan, Mərkəzi Asiya dövlətlərindən Azərbaycana, ölkəmizdən isə Türkiyə vasitəsilə Avropaya uzanan İpək yolunun marşurutunu “dəyişən” Kılıçdaroğlu, bu yolun Azərbaycandan deyil, İrandan keçməsini daha məqsədəuyğun və məntiqli hesab edir.

Millət vəkili Vahid Əhmədov Kılıçdaroğlunun bu yanaşmasının sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının maraqlarına xəyanət olduğunu bildirib:

“Kamal Kılıçdaroğlunun tarixi “İpək yolu” ilə bağlı səsləndirdiyi fikirlər, ortaya sürdüyü layihə Amerika projesidir və bu layihə yalnız Azərbaycanın deyil, ümumiyyətlə, türk dünyasının maraqlaırna cavab vermir. Hər şeydən öncə qeyd edək ki, Kamal Kılıçdaroğlunun təqdim etdiyi layihə İpək yolunun tarixi marşurutuna, onun tarixi ruhuna və mahiyyətinə ziddir. Çünki hər kəs yaxşı bilir ki, İpək yolu ta qədimdən Azərbaycandan keçib, ölkəmizin iqtisadi inkiaşfına fayda verməklə yanaşı, Azərbaycan da öz növbəsində beynəlxalq ticarətin canlanmasına böyük töhfə verib. Odur ki, indi Kamal Kılıçdaroğlunun Azərbaycanı İpək yolundan kənarda qoyması, bunun əvəzinə İran faktorunu ortaya atması anlaşılan deyil. Bu, həm tarixi həqiqətə, həm də Azərbaycan xalqının mənafeyinə xəyanət deməkdir.

Azərbaycanın İpək yolundan – Orta Dəhlizdən kənarlaşdırılması sadəcə ölkəmizin deyil, bütövlükdə bütün türk dünyasının maraqlarına xəyanət deməkdir. Çünki Azərbaycan türk dünyasının əsas, aparıcı dövlətlərindən biridir və onun iqtisadi gücünün azaldılması, iqtisadi əhəmiyyətinin kiçildilməsi bütün türk dünyasının zəiflədilməsi deməkdir. Bu baxımdan Kamal Kılıçdaroğlunun Orta Dəhlizlə bağlı irəli sürdüyü fikirlər nəinki yanlışdır, həm də olduqca təhlükəli və yolverilməzdir”.

Millət vəkili qeyd edib ki, Kamal Kılıçdaroğlunun irəli sürdüyü Amerika projesi Zəngəzur dəhlizinin əhəmiyyətini də azaldır, onun beynəlxalq önəmli dəhliz potensialına zərbə vurur:

“Kamal Kılıçdaroğlunun Azərbaycanı Orta Dəhizdən “çıxarması” və ölkəmizi hər zaman türk dünyasının mənfi münasibəti ilə diqqət çəkən İranla əvəzləməsi Zəngəzur dəhlizinin taleyi ilə bağlı da ciddi narahatlıqlara yol açır. Bildiyiniz kimi, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını həyati əhəmiyyətli iş hesab edir və bu istiqamətdə ardıcıl, sistemli fəaliyyət ortaya qoyur. Cənab Prezident çıxışlarında vurğulamışdır ki, Ermənistanın istəyib-istəməməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və öz tarixi missiyasını həyata keçirəcək. Lakin Kamal Kılıçdaroğlunun ortaya atdığı layihədən görünür ki, CHP lideri Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, Çindən daşınan yüklərin Avropaya Azərbaycan vasitəsilə deyil, İran-Ermənistan vasitəsilə daşınmasını daha məntiqli hesab edir. Bu isə onu göstərir ki, CHP başqanının İpək yolu və Orta Dəhlizlə bağlı fikirləri həm iqtisadi səmərədən, həm tarixi gerçəkikdən, həm də siyasi reallıqdan uzaqdır və kənar məqsədlərə xidmət edir”.

Vahid Əhmədov qeyd edib ki, Türkiyə və türk dünyasının maraqlarının bundan sonra da  etibarlı şəkildə müdafiəsi üşün Rəcəb Tayyib Ərdoğanın 14 may seçkilərində qalibiyyəti vacibdir:

“Bildiyiniz kimi, həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm də qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasının briliyi, həmrəyliyi, iqtisadi, siyasi və mənəvi cəhətdən güclənməsi üçün çox böyük layihələr həyata keçirib, bu yöndə böyük əmək sərf ediblər. Bu baxımdan məlum siyasətin davam etdirilməsi üçün Rəcəb Tayyib Ərdoğanın 14 may seçkilərində qələbəsinə böyük ehtiyac var və inanıram ki, türk xalqı bu məsələdə öz sözünü deyəcək, öz liderinə yenə də etimad göstərəcək”.