Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalıdırlar

Müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində gözlənilən əfv Sərəncamı imzalandı. “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam məhz dövlətimizin başçısının humanist siyasətinin bariz göstəricisidir. Prezident İlham Əliyev hər zaman Ulu Öndərin əbədiyaşar əziz xatirəsini uca tutub, onun bəşəri amallara, ideallara söykənən zəngin mənəvi irsinə sadiqlik nümayiş etdirib. Humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirən dövlətimizin başçısı cəzadan azad olunacaq şəxslərin müstəqil dövlətimizin rifahına və cəmiyyətin inkişafına öz töhfəsini verəcəklərinə inanaraq, bir sıra məhkum şəxslərin vaxtından öncə azadlığa qovuşmalarını təmin edib.

Bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

Deputat bildirib ki, cinayət törədənlərin, günah işlətmiş adamların əfv olunması zamanın bütün dönəmlərində istər humanizm, istər əxlaqi, istərsə də hüquqi baxımından böyük önəm daşıyan addım hesab edilib. Qəbul olunmuş qayda və qanunlar, ədalət prinsiplərinin fərqli diktəsinə rəğmən, bağışlamaq yüksək humanizm dəyəri kimi qəbul olunur. Sadə dillə izah etsək, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan xilas edilməsi dərin mənəvi keyfiyyətlərdəndir. Məhkumun cəzadan azad edilməsi dövlətin həmin şəxsə etimad və inamının göstəricisidir. Əməllərindən peşmançılıq hissi keçirən məhkum yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq şansına ehtiyac duyur. Dövlətin məhkumlara etimad göstərməsi, onlarda özünəinam hissini artırır, daha məsuliyyətli vətəndaş olmaq zərurətini ortaya qoyur.

“Təbii ki, Sərəncam imzalanarkən əfv olunan şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının müraciətləri nəzərə alınıb. Məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin ağırlıq dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları xüsusi önəm kəsb edib. Beləliklə, bu gün müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv Sərəncamı imzalandı.

Xatırlatmaq istərdim ki, müstəqillik dövründə Azərbaycanda 70-ə yaxın əfv Sərəncamı imzalanıb, 10-dan artıq amnistiya aktı qəbul edilib. Hələ 1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv sərəncamı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox məhbusa şamil edilib. Ümummilli Lider tərəfindən imzalanmış əfv sərəncamları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Ulu Öndər Heydər Əliyev, həmçinin böyük humanistlik nümayiş etdirərək imzaladığı əfv fərmanları ilə 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərində iştirak etmiş insanların da bir qismini bağışlayıb. Məhz Ulu Öndərin humanizminin nəticəsi olaraq, ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və bununla da Azərbaycan Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Bu məqamda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın illər öncə amnistiya aktı ilə bağlı Milli Məclisə müraciətləri də qeyd olunmalıdır. Çünki onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları ilə də minlərlə insan azadlığına qovuşub. Bu da əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinə sədaqət nümunəsidir”, – deyə deputat vurğulayıb.

İ.Yusifov inandığını bildirib ki, əfv olunan məhkumlar cəmiyyətimiz, dövlətimiz üçün faydalı vətəndaş olacaqlar və onlara verilmiş bu şansdan, fürsətdən yararlanacaqlar. Bütövlükdə, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl etməlidirlər. Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir. Çünki əfv Sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır.