“Naxçıvanın işğalının qarşısını Heydər Əliyev aldı” Elman Nəsirov

“Məlum olduğu üzrə, cənab Prezident İlham Əliyev may ayının 2-dən 10-na qədər Qarabağda və Şərqi Zəngəzurda səfərdə oldu. Bu səfər çərçivəsində ölkə başçısı ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı xalqa müraciət etdi. Eyni zamanda da, “Xarıbülbül” festivalında çıxış etdi. Bu çıxışlarında toxunduğu mühüm məsələlərdən biri Naxçıvanın işğal altına düşməməsində ulu öndərin oynadığı misilsiz rol ilə bağlı idi. Bu, həqiqətən də, belədir”.

Bu sözləri açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, 1990-cı ilin iyul ayının 20-də Heydər Əliyev Moskvadan Bakıya gəldi: “O zamankı Azərbaycan hakimiyyəti iki gün belə ulu öndərin Bakıda qalmasına dözə bilmədi və iyul ayının 22-də ulu öndər Naxçıvana qayıtdı. Naxçıvanda Heydər Əliyevi xalq çox böyük hörmət, ehtiram və sevgi ilə qarşıladı. Nəticədə, ümummilli liderimizin Naxçıvan fəaliyyəti və Naxçıvanda atdığı misilsiz addımlar sayəsində Naxçıvanın işğalı baş vermədi. Halbuki Naxçıvanı işğal etmək Azərbaycanın digər ərazilərini işğal etməkdən qat-qat asan idi. Ermənilərin əsas hədəfi də Naxçıvanın işğalı idi”.

Elman Nəsirov sözlərinə belə davam edib: “Əgər ulu öndər Heydər Əliyev Naxçıvana gəlməsə və rəhbərlik etməsə idi, biz görəcəkdik ki, ermənilər Dağlıq Qarabağın ətrafındakı 7 rayonu və Naxçıvanı işğal edib. Yəni, reallıq bundan ibarət ola bilərdi.

Erməniləri ən çox narahat edən bir gün Heydər Əliyevin bütün Azərbaycana rəhbərlik etməsi idi ki, bu da reallaşdı. Ulu öndərimizin fədakar qəhrəmanlığı sayəsində Naxçıvan işğal olunmadı və Azərbaycanın nicatının da başlanğıcı, məhz Naxçıvandan başlandı”.