“Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur

İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalı burada iştirak edən şirkətlərin yeni məhsullarını, ixtiralarını təqdim etmələri Türkiyənin müdafiə sənaye kompleksində yeni cığır açıb. Məhz bu “TEKNOFEST” qarşıdan gələn illərdə Türkiyənin müdafiə sənayesində rəqəmsal elmi-texnologiyalardan istifadənin stimullaşdırılması və ona müsbət mənada töhfə verilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu prosesdə Azərbaycanın da öz yeri və rolu var. Ötən il “TEKNOFEST” Azərbaycanda keçirilib və yerli şirkətlərimiz, gənc mütəxəssislərimiz burada iştirak etdilər. Aprelin 29-da keçirilən festivalda Prezident İlham Əliyevin iştiraki həm də Azərbaycan dövlətinin bu tədbirə verdiyi önəmindən irəli gəlir. Bu da Azərbaycan müdafiə sənayesinin elmi və müasir texnologiyanın inkişafına “TEKNOFEST”in verə biləcəyi müsbət amillərdən ola bilər.

Bu fikirləri  Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli söyləyib.

O qeyd edib ki, burada mühüm məqam “TEKNOFEST”də iştirak edən qardaş ölkə şirkətlərinin, ümumiyyətlə, Türkiyə sənaye kompleksinin Azərbaycan hərbi sənayesinə verəcəyi töhfələrdir. Qardaş ölkənin müdafiə sənaye kompleksinin mütəxəssisləri elmi-nəzəri biliklərini Azərbaycana inteqrasiya etməsi yaxşı olardı. Beləliklə, “TEKNOFEST” bu prosesin başlanğıcı olacaq və bu ilk addımı da “Baykar” şirkəti öz “Bayraktar” məhsulu ilə təqdim edəcək. Adından göründüyü kimi “Bayraktar” öndə gedən məhsul olaraq Azərbaycanda birgə istehsal həyata keçirəcək, “Bayraktar” mərkəzi bu prosesi icra edəcək. Bundan sonra mərhələli şəkildə Türkiyənin digər müasir texnologiyalardan yararlanmış şirkətləri Azərbaycanda öz mərkəzlərinin açılmasına nail olacaqlar.

Türkiyə müdafiə sənayesinin inkişafına Azərbaycan töhfəsini verir. Biz bunun müəyyən məhsulların alınması, istifadəsi baxımından hər dəfə şahidi oluruq. Amma çox istərdim ki, Türkiyə müdafiə sənayesinin aparıcı məhsullarının elmi-texnoloji bazasının əsas hissəsi Azərbaycana inteqrasiya olsun və birgə məhsul istehsallarının sayı artırılsın. Bu da Azərbaycan müdafiə sənayesinin təhlükəsizlik imkanlarının gücləndirilməsinə gətirib çıxara bilər.

Hərbi şərhçi əlavə edib ki, “TEKNOFEST” festivalında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması və “Kızılelma” pilotsuz uçuş aparatının əhəmiyyəti ilə bağlı deyib: “Bu gün “TEKNOFEST”də iştirak edərkən “TEKNOFEST”in qurucusu, əziz qardaşımız Selçuk Bayraktarın xidmətlərini də qeyd etmək istərdim. Selçuk bəy Azərbaycanda dəfələrlə olmuş, o cümlədən azad edilmiş torpaqlarda, Şuşada. Son gəlişində – aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və Azərbaycanda “Bayraktar” mərkəzinin yaradılması haqqında razılığa gəldik. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq, orada təhsil, xidmət, istehsal da olacaqdır. Selçuk bəy Bakıda olarkən “Kızılelma”nın bir maketini hədiyyə etdi. Mən fürsətdən istifadə edərək “Kızılelma” ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaqdır. “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə – bugünkü Türkiyə budur”.

Mərkəzin rəhbəri bildirib ki, hazırda müdafiə sənayesi üzrə Türkiyə öz tələbatını qarşılamaqdan başqa, İHA-lar, SİHA-lar, AKINCI-lar, quru vasitələri, dəniz platformaları başda olmaqla 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən ölkə səviyyəsinə qalxıb. Bu gün istehsal prosesinin yaradılması 2023-cü ildən başlanılan “Kızılelma” adlanan pilotsuz uçuş aparatıdır. Lakin bu uçuş aparatı həm ölçüsünə, həm də imkanlarına görə digər ənənəvi pilotsuz uçuş aparatlarında fərqlənir. Zaman gəldikcə “Kızılelma”nın da Azərbaycan tərəfindən alınması həyata keçiriləcək. Amma bunadək “Kızılelma”nın nın istehsalının müəyyən mərhələləri var ki, onları keçmək məcburiyyətindədir. “Kızılelma” həqiqətən dünyada bu sahədə öz xarici görünüşünə və dizaynına görə yeniliklərdən biridir. “Kızılelma” adlandırılan pilotsuz uçuş aparatını pilotsuz təyyarədə adlandıra bilərik.

“Bu yaxınlarda Tekirdağ şəhərindəki Çorlu Təlim-Uçuş Mərkəzində havaya qalxan “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsi ilə “Bayraktar Akıncı” paralel uçuş aparatı (PUA) bir-birindən çox yaxın məsafədə uçuş həyata keçirib. Bu da onların hərəkətlərini əlaqələndirmək imkanını müəyyən etməyə imkan yaradıb. Hesab edirəm ki, yeni dünyada hərb sahəsində “Kızılelma” orta xətti tutaraq döyüş aviasiyalarının yeni nəsli hesab edilə bilər. Türkiyə PUA-lar sahəsində reallaşdırdığı layihələri Türkiyənin, eyni zamanda, Azərbaycanın da uğuru hesab edə bilərik. Çünki Türkiyə və Azərbaycan arasındaki hərbi-strateji tərəfdaşlıq, hərbi-texniki vasitələr mübadiləsi sahəsindəki birgə fəaliyyətimiz qardaş ölkənin istehsal etdiyi və ordusuna yeni təhvil verdiyi texnologiyaları həm də Azərbaycana təqdim etməsi kimi məsələyə yanaşsaq, görərik ki, “Kızılelma”nın, “ AKINCI”nın və bu sahədəki uğurlarından Azərbaycan bəhrələnə bilər. Bütün sınaqları bitdikdən sonra gələcəkdə “Kızılelma”nı biz yəqin ki, Azərbaycanda da görə bilərik”, – deyə R.Məmmədli vurğulayıb.