Vyanada Ümummilli Lider Heydər Əliyevin büstü açılıb-Fotolar

Mayın 12-də Vyanada Azərbaycan səfirliyinin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün açılışı olub.

XALQ.AZ xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Heydər Əliyevin büstünün səfirlik binasında açılması xüsusi məna daşıyır, belə ki, 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı Ulu Öndər özü səfirliyin indiki binasının yeri ilə tanış olmuş və Azərbaycan dövləti tərəfindən bu binanın alınması üçün müvafiq göstəriş vermişdir. Azərbaycanın Avstriyadakı səfirliyi xaricdə açılan ilk səfirliklərimiz sırasında yer alır və bu da daim sülh tərəfdarı olan Azərbaycanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına verdiyi diqqət və bununla əlaqədar beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq niyyətindən irəli gəlmişdir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov çıxışında Heydər Əliyev ilə xatirələrindən, onunla görüşlərdəki təəssüratlardan bəhs edib.

Qeyd edilib ki, Heydər Əliyev Azərbaycan xalqının dahi oğlu və dünya miqyaslı dövlət xadimi kimi Azərbaycanın ağır günlərində vətəninin xilaskarı olmuş və ölkənin müqəddəratının müəyyən edilməsi, ölkənin müasir inkişaf yoluna qədəm qoymasında misilsiz rol oynamışdır. Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir“ cümləsini xatırladan C. Qurbanov hər bir azərbaycanlının Heydər Əliyev kimi şəxsiyyətlə eyni milli mənsubiyyətə malik olmaqla fəxr etdiyini bildirib.

Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası işçi qrupunun rəhbəri Tahir Mirkişili Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdışına nəzər salıb və qeyd edib ki, bu qayıdış məhz Azərbaycan parlamentində sədr qismində başlayıb və ölkənin keşməkeşli dövrlərdən regionun inkişaf etmiş aparıcı dövlətinə kimi yolun başlanğıcı olub. Qeyd edilib ki, bu gün möhkəm dövlətçilik ənənələri üzərində dayanan Azərbaycan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında dünya ölkələri ilə münasibətlərini dostluq, həmrəylik və birlik üzərində inkişaf etdirir.

Sonra büstün açılışı olub. Ağ mərmərdən hazırlanmış və postamentində Ulu Öndərin imzası yer alan büstün müəllifi gənc heykəltəraş Orxan Nəbizadədir.

Rəsmi hissədən sonra beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Ulu Öndərin sevdiyi əsərləri fortepianoda ifa edib.

Mərasim ziyafətlə davam edib.