Heydər Əliyev siyasətini İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Yasamal rayonunun ictimaiyyəti Akademik Milli Dram Teatrında rəsmi tədbirdə iştirak edib. Teatrın foyesində Ümummilli lider Heydər Əliyevlə 10 ilə yaxın çalışmış fotoqraf Rafiq Bağırovun təqdimatında foto sərgi nümayiş olunub. Əsasən arxiv sənədlərdən ibarət bu fotolar Ulu Öndərin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini və buradakı rəsmi tədbirləri əks etdirir.

Tədbirdə Azərbaycanın Dövlət himni hərbi orkestrin canlı ifasında səsləndirilib. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsas məruzə ilə çıxış edib. Elşad Həsənov Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyəti illərində Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən geniş söhbət açıb. Qeyd olundu ki, Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev özünün  idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir.

İcra başçısı qeyd edib ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Toplantının sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və faliyyətindən bəhs edən film nümayiş olunub.