“Onların Xankəndidən Bakıya gəliş-gedişi qarşısında maneə olmayıb”Deputat

“Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlikdir”

Bu fikirləri  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Xankəndi Azərbaycanın ayrılmaz tərkib hissəsidir:

“Bildiyiniz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı Nümayəndəliyi 1992-ci il 3 mart tarixdən fəaliyyət göstərir. Açılışdan iki həftə sonra isə Bakı ofisinə bağlı olmaqla Ağdam və Bərdə rayonlarında da ofislər fəliyyətə başlamışdır. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən  nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb.

Sənədin ikinci maddəsində ifadə olunub ki, BQXK öz vəzifələrini yerinə yetirmək və qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində hüquqi şəxsə xas olan hüquqlardan istifadə edən nümayəndəlik təsis edir.

Lakin nədənsə o zaman Azərbaycanın ərazisində –  Xankəndində açılan ofis Azərbaycan yox, Ermənistan nümayəndəliyinə bağlandı. Baxmayaraq ki, Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Heslinki Yekun aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Xankəndi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu hətta ötən ilin oktyabrında Ermənistan Baş naziri də Praqa və Soçidə bəyan edib. Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörnətsizlikdir və bu tendensiyaya dərhal son qoyulmalıdır”.

Millət vəkili qeyd edib ki, Xankəndi ofisinin İrəvana bağlı qalmasının nə müharibə dövründə, nə indi heç bir nə hüquqi, nə də situativ əsası yoxdur:

“İlk növbədə ona görə ki, BQXK-nin hətta müharibə dövründə də sərbəst və təhlükəsiz şəkildə hərəkət imkanı olub və onların Xankəndidən Bakıya gəliş-gedişi qarşısında maneə olmayıb. Bu gün, Azərbaycanın sərhəd bütövlüyünün təmin oldunduğu bir şəraitdə isə Azərbaycan şəhərindəki ofisin yenidən İrəvanla işləmək cəhdi dövlətə açıq hörmətsizlik və təxribatdır və tendensiya bu cür davam edə bilməz. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır.

Sənədin 9-cu maddəsinin 13-cü bəndində isə ifadə olunur ki, nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etməyi öhdələrinə götürür. Belə bir şəraitdə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və nümayəndəliyin hər hansı rəsmisinin bu mövzuda yersiz israrı yolverilməzdir.

Unutmamalıyıq ki, adıçəkilən sazişin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası BQXK-ya öz qərarının motivlərini bildirmədən 1961-ci il Vyana müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan şərtlər və onlardan irəli gələn nəticələrlə konkret addımlar atmaq hüququnu özündə saxlayır”.