Deputat nümayəndə heyəti ilə Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Bu barədə   Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Eyni zamanda, “Əbədi məşəl” abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Qeyd edək ki, Xorvatiya parlamenti sədrinin müavini Davorko Vidoviçin rəhbərlik etdiyi nümayəndə heyəti sabah mayın 16-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak edəcək.