Aldığımız ətin xəstə heyvana məxsus olmadığına necə əminlik hasil edək?

Xəbər verildiyi kimi, Şabran rayonunun Qorğan kəndində 4-ü uşaq olmaqla, 9 nəfər quduzluq xəstəliyi şübhəsi ilə dövlət orqanlarının nəzarətinə götürülüb. Bu barədə Rayon İcra Hakimiyyətinin Qorğan kəndi üzrə nümayəndəliyindən bildiriblər. Nümayəndəlikdə qeyd ediblər ki, artıq dövlət orqanları tərəfindən kəndə baxış keçirilib.

Bildirilir ki, 25 gün öncə yırtıcı heyvanlar kənd sakinlərinin birinə məxsus təsərrüfatda qoyunlara hücum edib. Bundan sonra həmin kənd sakini yaralı qoyunları kəsib və ətini fermadakı itlərinə verib. Bir neçə gündən sonra qoyunların bir hissəsi xəstələnib. Həmin sakin onları kəsib və qohumlarını qonaq edib. Bundan sonra digər qoyunlar tələf olublar və qoyunların sahibi dövlət qurumlarına müraciət edib. Kənd administrasiyasının nümayəndəsi bildirib ki, tələf olmuş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib. “Təsərrüfatdakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb”, – o deyib.

Öz növbəsində TƏBİB-dən bildiriblər ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 9 sakini quduzluq xəstəliyi ehtimalı ilə rayon xəstəxanasına müraciət edib. Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisəni ciddi nəzarətə götürüb. “Hadisənin səbəblərilə bağlı Agentliyin mütəxəssisləri və digər aidiyyəti qurumların əməkdaşları araşdırmalara başlayıblar. Araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək”, – qurumdan bildirilib.

Tibbdən məlumdur ki, quduzluq xəstəliyin ilk əlamətləri özünü büruzə verəndən sonra artıq onun müalicəsi qeyri-mümkün olur. Həmin vaxtdan sonra həkimlər ancaq xəstənin əzablarını yüngülləşdirməyə, onu xarici qıcıqlandırıcıların təsirindən qorumağa çalışır, bədəninə opioid analgetiklər vururlar. Ağciyərin süni yolla təmizlənməsi xəstənin ömrünü uzatmağa kömək etsə də, ölüm labüd olur.

Bəs 4-ü uşaq olmaqla bu insanların həyatına təhlükə nə dərəcədə ciddidir? Necə olub ki, xəstə ət bişirilsə də, yenə yoluxma baş verib? Axı əksər viruslar kimi quduzluq virusu da qaynayan kimi ölür. Baş verən olay daha bir məsələni gündəmə gətirir: bazar-dükandan, qəssabdan aldığımız ətin xəstə heyvana məxsus olmadığına necə əminlik hasil edək?

Eyyub Hüseynov: “Avtomobili içməli su ilə yudurtmaq dəlilik əlamətidir…” »  BAKU.NEWS

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, son dövrlər heyvanların quduzlaşması məsələsi narahatlıq doğurur: “Mən bir kənd adamı olaraq iki dəfə quduz it öldürmüşəm. Quduzluq çöl heyvanlarından itə, ondan da digər heyvanlara keçə bilər. Bu çox ciddi məsələdir. Azərbaycanda son illər Avropanın murdar adətləri irəliləyir. İtə toxunmaq olmaz, yırtıcı heyvanlara dəymək olmaz. Bulvarda mən özüm iki dəfə itin adamı parçaladığını görmüşəm. Mənə də dəfələrlə hücum ediblər. Lakin mən qoruna bilirəm. Paytaxtımızda belə gecələr it boğuşmasının səsi gəlir. Bütün bunlar onu göstərir ki, yırtıcı heyvanların, itlərin belə himayə olunması, itsevərlərin əmələ gəlməsi bu cür xəstəliklərin artmasına gətirib çıxaracaq.

İtlərin belə tərəfini tuturlarsa, əvvəlcə profilaktik işləri görməlidirlər. Çox təəssüf ki, bu işlər getmir. İstisna olunmur ki, çox sayda bu cür ətlər bizim süfrəmizə də gəlib çıxır. Azərbaycan əhalisi bir şeylə qorunur ki, Avropadan fərqli olaraq əti yaxşı bişirir. Bizi qoruyan bizim mətbəximizdir. Əslində biz digər üsullarla qorunmuruq. İstisna olunmur ki, bu cür ətlər bazarlarda da ola bilər. Bu işə nəzarət edən dövlət orqanlarının heç biri ətin təhlükəsizliyini yoxlayanda nə brusellyozu, nə də quduzluq amilini yoxlayırlar. Ola bilsin ki, ət satanlar qanuni kəsim yerlərindən kəsdirib, yaxud alıb gətirər, onu da yanında satar, heç kəs də sübut edə bilməz.

Ümumiyyətlə, kağızın o mala aid olub-olmaması illərdi ki, çox ciddi problemdir. Bu, dönərxanalarda, ət satışı yerlərində, açıq süd satışı yerlərində baş verir. Heç kim bilmir südün üstündə olan o kağız hansı partiya gətirilmiş süddəndir. Biz istehlakçıları müdafiə edən mətbəximizdir. Ona görə əhaliyə müraciət edirəm ki, ət alanda ehtiyatlı olun. Yəni onu yaxşıca bişirin. Başqa yolumuz yoxdur. Avropa mətbəxindən uzaq olun, əti qanlı saxlamayın”.

Ekspert əlavə edib ki, satışa çıxarılan ətlərin təhlükəsizliyi qorunmur: “Üç ildir Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Ətin təhlükəsizliyi məsələsini qaldırmışam, onlar bildirdilər ki, ətin təhlükəsizliyi məsələsi tezliklə təmin olunacaq, bu da heyvanların identifikasiyasından keçir. Heyvanlar dünyaya gələn kimi qeydiyyata alınacaq, qulaqlarına ”birka” vurulacaq. Marketdən aldığımız zaman görəcəkdik ki, hansı fermer təsərrüfatında yetişib. Azərbaycanda heyvanların heç bir faizinin də identifikasiyası baş verməyib. Guya AQTA ilə beynəlxalq qurumlar əməkdaşlıq edir. Belə görünür ki, iki yüz il də gözləməliyik ki, heyvanlar identifikasiya olunsun, xalqımız təhlükəsiz ətlə təmin olunsun. AQTA-nın gördüyü işlər zəruri olsa da, kafi deyil. Xüsusən heyvan sağlamlığının təmin olunmasında AQTA hadisələrin arxasınca sürünür. Küçə itlərini yığışdırmaq lazımdır, uşaqlara, insanlara hücum edir. Misal üçün, Beyləqandan xəbər gəlib ki, itlər sürü ilə gəzirlər. Buna son qoymaq lazımdır”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, xəstə qoyunları insanlara yedirtmək yolverilməzdir: “Bu qəribə və pis haldır. Xəstə heyvanı kəsib yemək qətiyyən olmaz. Qoyunları itlərə də veriblər. O itlərdə də yoluxma baş verib hər halda. O itlər də nəzarətə götürülməlidir, peyvənd olunmalıdır. Əgər itlərdə quduzluq artarsa, təhlükəli ola bilər. O ki qaldı yoluxmaya, bu ətlə yoluxmur, amma nəzəri cəhətdən yoluxma mümkündür. Əgər o ət yaxşı bişməyibsə, orada virus qalıbsa, ağızın selikli qişasından yoluxa bilər. Ümumiyyətlə, qida ilə quduzluğun yoluxması qeydə alınmayıb, amma nəzəri cəhətdən mümkündür.

Quduzluq çox təhlükəli xəstəlikdir və letallığı yüz faizdir. Onu nəzərə alsaq, onları nəzarətə götürmək mümkündür. Çünki ağızın selikli qişasından asanlıqla yoluxa bilər. Bu virus heyvanın ağız suyunda daha çox olur. Ağız suyu ələ dəyərsə, əldə yara varsa, gözə dəyərsə, gözlə də yoluxa bilir. Ən çox da dişləməklə, ağız suyundakı viruslar insanı dişləyəndə qanına keçir, oradan yoluxur. Digər yoluxma isə pişiyin cırmaqlamasından mümkündür. Heyvanlar xəstələnəndə ağız suyu çox ifraz olunur, o dərəcədə ki ağzından dayanmadan su axır. Hər yer, hətta dırnaqları da çirklənir. Quduz pişik insanı cırmaqlasa, ondan da yoluxa bilər”.

Medicina.az - Uşaq poliklinikasında analiz verməyin -Pediatr

Həkim-pediatr Aytən İsmayılzadə də buna bənzər hadisələrin olduğunu deyib: “Rayonların birindən müraciət olmuşdu, buzovu it dişləyib, həmin buzov bir müddət sonra ölüb. Məlum olub ki, it quduz imiş və buzov da quduzluqdan ölüb. Bundan sonra ailə narahat olmağa başlayıb. Çünki həmin buzov hələ ölməmiş anasını əmirdi və həmin inəyin südü sağılıb uşaqlara verilib. Bundan başqa, inəyə su verilən vedrəyə vedrəni yumadan alça yığıb uşaqlarla yeyiblər. Ananı narahat edən bu idi ki, uşaqlara ”quduz iynəsi” vurulsunmu? Yəni bu yolla quduzluq uşaqlara keçərmi? Quduzluq əsasən qanla keçir. Keçən törədici virusdur. Yəni bu bir virus xəstəliyidir. Digər virus xəstəlikləri kimi onun da heyvanlar üçün peyvəndi var. İnsana vurulan isə peyvənd deyil, quduzluq əleyhinə zərdabdır. Quduzluq virusu əsasən dişlənmiş, cırmaqlanmış yerdən qanla keçir. İt, pişik, çaqqal, ayı, canavar, yarasa, inək, qoyun, keçi, eşşək kimi heyvanlardan insana keçə bilir. Siçan, sincab, xomyak kimi gəmiricilərdə və dovşanlarda isə bu virus olmur. Virus heyvanın ağız suyu ilə insanın gözünə, ağzına, selikli qişalarına düşərsə, buradan da qana keçə bilər. Yəni selikli qişada zədələnmə olarsa, lap tez keçə bilər. Quduzluq virusu olan heyvanın, məsələn, inəyin, qoyunun çiy əti və çiy südü ilə keçə bilər. Bundan başqa, quduzluq virusu olan yarasalar dolu bir mağarada nəfəs almaqla belə keçə bilər.

Buradan nəticəyə gələrək demək olar ki, həmin ailədə quduzluq əleyhinə zərdab vurulmalı olanlar həmin buzov ilə sıx kontaktda olan, ona qulluq edən insanlar olmalıdır. Buzov anasını əmməklə anasını dişləmədisə, ona quduzluq keçirməyib. Amma buzovun ağız suyu ilə bulaşmış məmədən sağılan süd çiy halda içilərsə, təhlükəli ola bilər. Əgər bu hal varsa iynə vurulmalı, yox, əgər bişirilib verilibsə problem yoxdur deməkdir. Buzovun anasını yoluxdurmaq riski onun gözünü, burnunu yalamaqla da baş verə bilərdi. Belə ehtimal varsa, inək də yoluxmuş sayıla bilər. Bir sözlə, baytar və həkim nəzarəti ilə müəyyən tədbirlərin görülməsi lazımdır. Oxşar hallar zamanı düzgün nəticə çıxara bilmək uçun maarifli olmaq lazımdır”.