Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır

Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. O, sovet ittifaqının üzvü olan Azərbaycanı iqtisadi gerilikdən inkişafa yüksəltdiyi kimi, müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də makroiqtisadi sabitliyə nail olub. Ulu Öndər ölkəmizdə davamlı iqtisadi artımın əsasını qoyub, iqtisadiyyatın bütün sahələrində islahatlara start verib, əhalinin həyat səviyyəsinin yaxşılaşması istiqamətində ciddi addımlar atıb. Bu gün beynəlxalq birliyin layiqli üzvünə çevrilən, üçrəngli, ay-ulduzlu bayrağı səmada qürurla dalğalanan qüdrətli Azərbaycan onun şah əsəridir.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov Ümummilli Lider Heydər Əliyevin SSRİ və müstəqillik illərində Azərbaycana siyasi rəhbərlik etdiyi dövrləri müqayisəli təhlil edərək bildirib ki, müasir Azərbaycan dövlətçiliyinin qurulması, möhkəmləndirilməsi və inkişafı dünyaşöhrətli siyasətçinin adı ilə bağlıdır. Onun fikrincə, məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini permanent xaos və böhran məngənəsindən çıxarıb, ümummilli fəlakətin – vətəndaş müharibəsinin qarşısını alıb, döyüş cəbhəsində məğlubiyyətlər seriyasına son qoyub, atəşkəs rejiminin tətbiqinə nail olub, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib: “Ötən əsrin 70-ci illərinin əvvəllərində “Literaturnaya qazeta”ya verdiyi məşhur müsahibəsində “Qoy ədalət zəfər çalsın”, – deyən Heydər Əliyev özünün milli intibah missiyasının 1969-1982-ci illər tarixi çərçivəsində, sözün həqiqi mənasında, ədalətin zəfər çalmasına nail olub. Ölkədə həmin illərdə 213 yeni sənaye müəssisəsi istismara verilib. Bakı Məişət Kondisionerləri, Salyan Plastmas Emalı zavodu, Sumqayıtda Kompressor zavodu, Üst Trikotaj fabriki, Bakıda Tikiş, Ayaqqabı hissələri fabrikləri, Şampan şərabları zavodu, Gəncədə Ət kombinatı, Qənnadı fabriki, Əlvan Metallar emalı zavodu, Lənkəranda Konserv zavodu, Çay fabriki, Naxçıvanda Şüşə Qablar zavodu, Kəlbəcərdə “İstisu” mineral su zavodu, Yevlaxda Yunun ilkin emalı fabriki və sair kimi böyük iqtisadi potensialı olan müəssisələr məhz həmin illərdə tikilib istifadəyə verilib. Qeyd edilən 13 il ərzində istehsal olunan sənaye məhsulu öz həcminə görə əvvəlki 50 ilə bərabər olub”.

Millət vəkili qeyd edib ki, ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Sovet İttifaqı çərçivəsində perspektiv müstəqil Azərbaycan dövləti üçün xidmət edə biləcək bütün zəruri addımları atmağa nail olub: “1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycan əslində real suverenliyinə 1993-cü ildə nail olub. Həmin il xalqın israrlı tələb və xahişindən sonra Heydər Əliyevin hakimiyyətə qayıdışı baş verib və bununla da Azərbaycanda milli intibah dövrünün ikinci mərhələsi başlanıb. 1993-2003-cü illəri əhatə edən bu dövr Ulu Öndərin təbirincə desək, müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi ilə xarakterizə olunub. Belə ki, inflyasiya 1992-ci ildə 1174, 1993-cü ildə isə 1080 faizə çatıb. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra bu ağır problemlər öz həllini tapmağa başlayıb. Lakin bu prosesin özü də hamar yol ilə getməyib. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edilib. Amma Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin edib. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirib”.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Müşfiq Cəfərov da saytımıza açıqlamasında deyib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər sovet Azərbaycanında gərgin vəziyyət hökm sürüb. Deputatın sözlərinə görə, xüsusilə sosial-iqtisadi sahədə tənəzzül, durğunluq özünü göstərib: “Ulu Öndərimiz iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsində olan respublikada təxirəsalınmaz islahatlar həyata keçirib, iqtisadi inkişafın təmin edilməsi üçün işlək proqramlar hazırlanıb, iqtisadiyyatda köklü struktur dəyişikliklər aparılıb, iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmağa başlanıb. Bu zəruri tələbləri düzgün dəyərləndirən Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın gücünü, əhalinin rifah halını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz onun iqtisadi qüdrəti, iqtisadi dirçəlişi şərtləndirir. Bütün bunlara görə də Ulu Öndər qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliyinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bilib. Həmçinin, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı məqsədilə kompleks tədbirlər görülüb. Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra isə müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirib, bu sahədə mövcud problemləri aradan qaldırıb. Həmin dövrdə Ümummilli Lider siyasi-iqtisadi sabitliyə nail olub və Azərbaycanı dünyaya tanıtmağı qarşıda duran ən mühüm vəzifə bilib”.

Millət vəkili xatırladıb ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan SSR Sovetlər İttifaqına daxil olan digər respublikalardan qat-qat çox təbii sərvətlərə malik olsa da, onlardan geri qalıb: “Bunun əsas səbəbi həm ittifaq rəhbərliyinin siyasəti, həm də Azərbaycan SSRİ-yə rəhbərlik edənlərin Vətənin gələcəyini düşünməməsi, xalqın qayğısını çəkməməsi idi. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində o zaman Azərbaycandan yan keçən digər respublikalara şamil edilən iqtisadi layihələrə ölkəmizin də adı əlavə olunub. Amma o dövrdə bu, hələ bir başlanğıc idi. Çünki xalqın mərd oğlunu irəlidə hələ böyük işlər və çətin maneələr gözləyirdi. O, mərhələ-mərhələ bütün bu sınaqlardan uğurla çıxa bildi. 1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın bütün sahələrini canlandırıb, inkişaf etdirib. Bu gün böyük qürurla deyə bilərik ki, Azərbaycanda inkişaf etmiş bütün sahələrdə Ulu Öndərin imzası var”.

Bəxtiyar MƏMMƏDLİ