Tahir Mirkişili: “Bizə tez-tez “xalqların öz müqəddəratını təyinetmə” prinsipi xatırladılır”

160 ölkədə yayımlanan və 400 milyonluq auditoriyası olan “Euronews” telekanalının mədəniyyət paytaxtımız olan Şuşada Prezident İlham Əliyevdən müsahibə götürməsi regionun gələcək inkişafı, bölgədə sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanın mövqeyinin bir daha dünya ictimaiyyətinə çatdırılmasında mühüm hadisə oldu. İnformasiya və yeni mesajlarla zəngin olan müsahibədə Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları barədə geniş məlumatlar, yanaşmalar öz əksini tapıb. Telekanal ölkəmizin gələcəyə yönəlmiş siyasi baxışlarını, yol xəritəsini dünya ictimaiyyətinə təqdim etdi.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

O bildirib ki, müsahibədə Azərbaycan-Ermənistan münasibətləri, Qarabağın erməni sakinlərinin separatizmə xidmət edən fəaliyyətlərinə, onların inteqrasiyası prosesinə geniş yer verildi. Həmçinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesinə mane olan addımları detallı şəkildə təsvir edildi.

“Xarici dövlətlər, beynəlxalq təşkilatlar Gürcüstan və Ukraynadakı eynimənşəli separatizmə qarşı vahid mövqedən çıxış etdikləri halda, Azərbaycana qarşı sərgilədikləri mövqe təəssüf doğurur. Bizə tez-tez “xalqların öz müqəddəratını təyinetmə” prinsipi xatırladılır. Dövlətimizin başçısı müsahibədə bu yanaşmanı sərt tənqid etdi. Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından əl çəkərək, konstruktivlik nümayiş etdirəcəyi təqdirdə, sülh sazişinin yaxın vaxtlarda imzalanması mümkündür. Ermənistan və Qarabağdakı qondarma rejim guya bölgədə “humanitar böhranın” olduğu barədə şou-aksiyalar təşkil edir. Onların məqsədi beynəlxalq birliyi aldatmaq və Laçın-Xankəndi yolundan qanunsuz istifadə etməkdir. Aprelin 23-də Ermənistanla sərhədin başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bununla da ermənilərin bu yoldan qanunsuz məqsədlər üçün istifadə etmələrinin qarşısı alındı. İndi Ermənistan və Xankəndidə olan separatçı rejim beynəlxalq ictimaiyyəti aldatmağa çalışır ki, orada yaşayan dinc əhali guya blokada şəraitindədir, humanitar “böhran”la üzləşib. Azərbaycan Prezidenti onların çirkin iddia və planlarını faktlarla, beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyi ilə alt-üst etdi. Dövlətimizin başçısı erməniləri gerçəklikdən uzaq olan xəyallardan əl çəkməyə, reallıqla barışmağa, Ermənistanla Azərbaycanın iqtisadi, hərbi imkanları arasında müqayisəli təhlil aparmağa dəvət etdi. Bildirdi ki, Ermənistanın ədalətə söykənən sülhə imza atmaqdan başqa çıxış yolu qalmayıb”, – deyə komitə sədri qeyd edib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin suallara arqumentlərlə, dolğun cavablar verməsi Azərbaycanın dünyadakı nüfuzunu və mövqeyini daha da gücləndirir. “Dövlətimizin başçısı müsahibəsində Ermənistan-Azərbaycan sərhədində qurulan buraxılış məntəqəsi üzərində xüsusi dayanması təsadüfi deyildi. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ilə bağlı Azərbaycanın xeyrinə qərar çıxardı. Bu qərar ermənilərin iddialarına hüquqi müstəvidə nöqtə qoydu. Amma indi onlar siyasi şouya keçiblər. “Laçın” buraxılış məntəqəsi mövzusunu məqsədli şəkildə qabardırlar, “Qarabağ ermənilərinin blokadada saxlanılması” barədə yalan rəy formalaşdırırlar. Azərbaycan Prezidenti “Laçın” postu ətrafında cərəyan edən proseslərin şou xarakteri daşıdığını bildirdi.

Müsahibədə Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə, həmçinin Ermənistan əhalisinə ünvanladığı mesajların da diqqət çəkdiyini söyləyən T.Mirkişili deyib: “Erməni auditoriyasına ünvanlanmış mesajlarda vurğulanır ki, onlar uzun illər ərzində özlərinin hərbi-siyasi rəhbərləri tərəfindən aldadılıblar, gerçəkliklə heç bir əlaqəsi olmayan xülyalara qapılıblar. Təxribatçı qüvvələr heç vaxt mülki əhalini düşünmür, yalnız özlərinin maraqlarını güdürlər Qarabağdakı separatçı quldur rejimin rəhbərliyi yalnız sərvət toplamaqla, özlərinə rahat həyat şəraiti yaratmaqla məşğul olublar. Hazırda Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt kifayət edir ki, onların qaldırdıqları hay-küyün şou xarakterli olduğunu görəsən. Dövlətimizin başçısının dediyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, onların təhlükəsizliyi, bütün hüquqlarının təminatı yalnız Azərbaycan hökuməti tərəfindən həyata keçirilə bilər. Ermənilər Prezident İlham Əliyevin çağırışlarına diqqətlə qulaq asmalı, mesajlarından nəticə çıxarmalıdırlar”.