Elman Nəsirov: “Artıq ilin sonuna qədər sülhün imzalanması ilə bağlı nikbin yanaşmalar öz aktuallığını itirir”

Ermənistan tərəfinin artmaqda davam edən təxribatları ve sentyabr ayının 9-da separatçıların qondarma seçkilər keçirməsi sülh danışıqlarının üzərindən xətt çəkdi. Qarşı tərəf təxribatçı əməlini həmişə olduğu kimi, Azərbaycanın üzərinə atır, informasiya kirliliyinə əl atır. Bununla bağlı,  Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı təxribatları sistemli və ardıcıl xarakter kəsb edir. Laçın yolu boyunca yaratdıqları humanitar yardım şousunun ardınca, indi Qarabağda Azərbaycanın nəzarətindən hələki kənarda qalan və hələ ki Rusiya sülhməramlıların nəzarətində olan ərazidə qondarma seçkilər keçirdilər. Bu seçkilərin nəticəsini, şübhəsiz ki heç bir dünya dövləti tanımır:

“Keçirilən seçkilər qeyri-legitimdir. Belə olan vəziyyətdə heç şübhəsiz ki Ermənistanın atdığı addımlar sülhün əldə edilməsinə olan kövrək ümidlərin üzərindən xətt çəkir. Ermənistanın baş naziri Nikol Paşinyan bir yandan Azərbaycanın bütövlüyünü tanıyırıq deyir. Hətta ərazinin parametrlərinə diqqət çəkir və 86,6 min kvadrat kilometr ifadəsini işlədir. Qarabağı Azərbaycan ərazisi sayır. Amma digər tərəfdən 2 senytabr tarixində qondarma rejimin il dönümü ilə bağlı separatçıları təbrik edir və ötən əsrin 80-ci illərinin abu-havasında təbrik məktubu göndərir. Ardınca müxtəlif səpgili təxribatları reallaşdırır”.

Deputat qeyd edib ki, Ermənistan eyni zamanda Azərbaycanla şərti sərhəddə insidentlər törədir. Bütün bunlar sülh müqaviləsinin imzalanmasına olan ümidləri məhv edir:

“Artıq ilin sonuna qədər sülhün imzalanması ilə bağlı nikbin yanaşmalar öz aktuallığını itirir. Belə olan vəziyyətdə hadisələr ən gözlənilməz ssenarilər üzrə inkişaf edə bilər. Əgər regionda yenidən hərbi qarşıdurma baş versə bütün məsuliyyət Ermənistana və başda Fransa olmaq şərtilə, ona himayədarlıq edənlərin üzərinə düşəcək. Azərbaycan heç bir məsuliyyət daşımayacaq. Azərbaycan güclü dövlətdir. Bizim işimiz haqq işidir. Biz öz suveren hüquqlarımızın Ermənistan tərəfindən tanınmasını tələb edirik. Bunda israrlıyıq və sona qədər gedəcəyik. Ermənistanın siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün”.