Deputat: “ABŞ-ın Ermənistanda fəallaşması Güney Qafqaza müsbət heç nə vəd etmir”

“Artıq xeyli müddətdir ki, ABŞ Ermənistanda fəallaşıb. Bu fəallaşma isə nə Ermənistana, nə də ümumilikdə Güney Qafqaz regionuna müsbət heç nə vəd etmir. Çünki Birləşmiş Ştatların bu fəallığının arxasında qaranlıq məqsədlər dayanır”.

Bunu  Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, ABŞ başda olmaqla, Batının bəzi dairələri bir zamanlar Rusiya-Ukrayna müharibəsinin başlanmasına təkan verən addımların oxşarını indi də Güney Qafqazda atmaq niyyətindədirlər: “Təbii ki, biz Rusiyanın Ukraynaya hücumunu, Ukrayna torpaqlarının işğalını birmənalı olaraq qəbul etmirik. Amma bir həqiqəti də inkar etmək olmaz ki, bu müharibənin başlanmasında ABŞ başda olmaqla bəzi Batı qurumlarının da xüsusi rolu oldu. Ukraynanı gah NATO-ya, gah Avropa Birliyinə üzv edəcəklərini açıqlayan bu qurumlar sonradan Kiyevi, necə deyərlər, meydanda tək qoydular. Düzdür, Ukraynaya silah-sursat yardımı edilir. Lakin bu yardımın da məqsədi bacara bildikcə Rusiyanı zəif salmaqdır. Yəni, bu, heç də Batının Ukrayna sevgisindən irəli gəlmir”.

Deputat bildirib ki, oxşar ssenari indi də Güney Qafqazda həyata keçirilir: “Bu dəfə də ABŞ başda olmaqla Batı Ermənistandan istifadə etmək niyyətindədir. Təbii ki, burada Ermənistan hakimiyyətinin xisləti, əslində, erməniçilik xisləti də öz sözünü deyir. Zaman-zaman ağalarını dəyişməkdə öyrəncəli olan bədnam qonşularımız indi də Rusiyanı ABŞ-la əvəzləmək üçün özlərini bazara çıxarıblar. Lakin onlar bir şeyi unudurlar ki, Ermənistan Ukrayna deyil. Olası hər hansı hərbi qarşıdurma zamanı Rusiyaya Ermənistanı yer üzündən silmək üçün cəmi bir-iki gün vaxt lazım ola bilər”.

Vüqar İskəndərov bütün hallarda regionda dağıdıcı qarşıdurmaların yaşanmaması üçün addımların atılmasının vacibliyini də vurğulayıb: “Son hadisələr “erməni xəstəliyi”nin necə təhlükəli olduğunu bir daha ortaya qoyur. Göründüyü kimi, Ermənistan öz qara niyyəti naminə bütövlükdə Güney Qafqaz regionunun müharibə zonasına çevrilməsi üçün hər şeyə hazırdır. Hesab edirəm ki, dünya birliyi, mütərəqqi qurumlar bir an öncə hərəkətə keçməli, ABŞ-ın Ermənistandakı fəallaşmasından güc alan və mərkəzində Güney Qafqazı qanlı müharibələr məkanına çevirmək məqsədi dayanan proseslərə “dur” deməlidir”.