“Bunlar gələcəyi olmayan addımlardır” – Rüfət Quliyev

“Son aylar Ermənistan tərəfdən və elə Xankəndində olan qeyri-qanuni hərbiçilərin addımları qeyri-məntiqlidir. Bunlar gələcəyi olmayan addımlardır”. Bu sözləri deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu günləri belə bir situasiya yaranıb ki, Ermənistanın xarici siyasəti çox qeyri-məntiqlidir: “Belə ki, o Rusiyadan qırılmaq istəyir, Qərbə üz tutur amerikanları və avropalıları dəvət edir. Ermənistan guya sülhməramlılarla birgə hərbi təlimlər keçirir. Bu da Rusiyanı çox narahat edir. Böyük narazılıqlar var. Ermənistanın bir neçə rəhbəri ritorikalarında çaşırlar. Bunlar yəqin ki başını itirib bu addımları atırlar. Atalar demiş, gah nala, gah da mıxa vururlar. Onlar guya ya Rusiyanı oyundan çıxarmaq istəyir, ya da hədə-qorxu gəlirlər ki,Rusiya qoşunları aktiv olub bunlara kömək etsinlər”.

Rüfət Quliyev sözlərinə belə davam edib: “Nikol Paşinyan və onların rəhbər şəxsləri artıq qeyd edib ki, Qarabağ Azərbaycanındır. Bu məqam önəmlidir və artıq yalnız kağız üzərində təstiqlənmək məsələsi qalıb. Amma görünür ki, xaricdə yaşayan erməni disaporu da bunlara çox maliyyə dəstəyi verir.

Amerika və Avropadan nümayəndələri Ermənistana dəvət etdikdə İranla Ermənistanın vəziyyəti çox kəskinləşib. İbrahim Rəisi İrandan Nikol Paşinyana xüsusi xəbər gönərib ki, Ermənistanla İran arasında münasibətlər tam pozula bilər. Ermənilər başa düşməlidir ki, getdikləri yolun sonu yoxdur. Bu yolun sonu “Dəmir Yumruq”dur. İki seçim var. Birincisi sülh müqaviləsinin bağlanması, bütün məsələlər aydınlaşması, sərhədlərin delimitasiya və demorkasiya olunması, normal formada inkişafın başlaması.

Ermənistan Zəngəzur yolunu açmaq istəmir. Bu halda biz Şərqi Zəngəzur yolunu açacağıq. Bununla əlaqədar bizim il yarım öncədən İranla sazişimiz var. Düzdür, son bir neçə ayda münasibətlər kifayət qədər kəskinləşmişdi. Amma indi Tehrandan bizə çox müsbət təkliflər gəlir ki, çox güman bunu istifadə edəcəyik. Ya Ermənistan tərəfdən Zəngəzur yolu, ya da İran üzrə Şərqi Zəngəzur yolu açılacaq. Azərbaycan İran Naxçıvan və Türkiyədən də bütün dünyaya biz yeni nəqliyyat yolu aça biləcəyik. Onlarla belə məqamlar var. Biz yenə də səbirlə gözləyirik ki, ermənilər ağıllarını başlarına yığsınlar”.