Rəşad Mahmudov Naxçıvanda Elmi Konfransda çıxış edib

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov Naxçıvanda Elmi Konfransda iştirak etmişdir
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 3 may 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.
“Atributinfo.az” xəbər verir ki, tədbirdə ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq, ilk növbədə, Naxçıvanın sosial-iqtisadi inkişafına verdikləri töhfəyə görə Naxçıvan Gömrük Baş İdarəsinə, Naxçıvan Səhiyyə nazirliyinə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə və dəstəyi olan konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Elbrus İsayev qeyd edib ki, “Naxçıvan sağlamlıq günləri”nin keçirilməsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmişdir.
Sonra Elbrus İsayev Ulu öndər Heydər Əliyevin Naxçıvanda səhiyyəyinin və digər sahələrin inkişafı üçün həyata keçirdiyi fəaliyyəti barədə, eləcə də Naxçıvan Dövlət Universitetinin yaranma tarixindən danışaraq, bu böyük təhsil ocağının inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib, bu universitetə göstərdiyi qayğının ölkədə və regionda ali təhsilin və elmin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində və onun doğma Vətənində belə bir tədbirin keçirilməsi böyük əhəmiyyət daşıyır. Ceyhun Məmmədov bildirib ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Naxçıvanda keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışıb, gələcəkdə də bu tədbirlərin davamlı olmasını vurğulayıb. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanan memorandum bizə əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Ceyhun Məmmədov deyib: “ Biz hər zaman çalışmışıq ki, transplantasiya və tibbin bütün sahələri ilə bağlı ölkədə baş verən proseslərə, islahatlara dəstək olar və buna görə də müntəzəm olaraq orqan transplantasiyasına aid konfranslar, seminarlar, vebinarlar keçiririk. Müasir dövrdə təbabət çox sürətlə inkişaf edir. Orqan transplantasiyası əməliyyatları zamanı meyit orqanlarından istifadə edilir. Bunun üçün isə düzgün beyin ölümünün təyini zəruridir. Bugünkü konfransımızda bütün bu məsələlər müzakirə olunacaq və ümid edirəm ki, tədbir iştirakçıları üçün çox faydalı və maraqlı olacaq”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov çıxışında bildirib ki, hər bir cəmiyyəti irəliyə aparan onun baxışıdır, düşüncəsidir, gələcəyə bağlı olan strategiyasıdır. Rəşad Mahmudov bildirib: “Naxçıvan sağlamlıq günləri” çərçivəsində həyata keçirilən tədbirlərdən sonra Naxçıvan Dövlət Universiteti ilə birlikdə Naxçıvanın səhiyyə həyatında bundan sonra da gözəl işlər görmək üçün bizə gözək fürsətlər yaradılır. Düşünürəm ki, təmsil etdiyim qurumun bütün işçiləri bütün enerjilərindən sonuna qədər istifadə edəcəklər”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudovun və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirovanın moderatorluğu ilə keçirilən konfransda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq Dr.Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik əhəmiyyəti”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Dr.Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr.Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental diaqnostik müayinələrin yeri”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d Dr.Yeganə Abbasova “Beyin ölümüdən sonra donor namizədlərin reanimasiya şöbəsində menecmenti” mövzularında çıxış ediblər.
Konfransın bağlanış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Azərbaycan meyitdən orqan transplantasiyası əməliyyatlarından danışıb, deyib ki, gələcəkdə bu cür əməliyyatlar olacaq və ola bilər ki, ilk əməliyyat elə Naxçıvan Respublikasında icra edilsin.
Konfransın əhəmiyyətini vurğulayan rəis müavini deyib: “Mən bu gün burada Naxçıvan Dövlət Universitetinin müəllimlərini, çoxlu tələbələri görürəm, hesab edirəm ki, bugünkü konfrans tədris prosesinə çox böyük təkan verəcək. Burada verilən müasir, bu günümüzə uyğun biliklər həm tələbələr, həm rezidentlər üçün, həm də müəllimlər üçün çox faydalı oldu. Çıxışının sonunda İsmayıl Əfəndiyev konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Konfrans xatirə şəklinin çəkilməsi ilə başa çatıb.