30 mindən çox azərbaycanlı Türkiyəyə gedib

Azal-1

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti mövsüm vaxtı işini möhkəm tutub və sərnişin sarıdan bolluqla üzləşib.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin turizm ilində Antalyaya birbaşa açdığı təyyarə reysi artıq dayandırılmaq üzrədir. Vaxtilə açılan mövsümi reysdən sonra azərbaycanli turistlərin bu məkana axını çoxalıb. Elə məqsəd də turistlərin Bakıdan Antalyaya rahat gediş-gəlişini təmin etmək olub. Mövsümün sona çatması ilə Azərbaycandan Türkiyənin turizm şəhərlərinə gedən turistlərin sayı da bəlli olub.

“Azərbaycan Hava Yolları” QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin sözlərinə görə, bu mövsüm indiyədək “Azərbaycan Hava Yolları”na məxsus təyyarələrlə 30 minə yaxın turist Bodrum, Antalya və İzmirə daşınıb.

Məlumunuz olsun ki, Bakıdan Antalya birbaşa reysi hər il 28 may tarixindən fəaliyyətə başlayır.

Əsasən Antalyanın Tekirova və Bələkdəki otellərinə sərnişin daşıyan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirirlər ki, xidmətin yüksək səviyyədə olması turistlərin sayına öz təsirini göstərir.

5 ulduzlu oteldə dincələnlərin sırasında birinci yeri ruslar, ikinci yeri isə azərbaycanlı turistlər tutur. Bu günlərdə “Azərbaycan Hava Yolları” bir qrup azərbaycanlı jurnalistin də Antalyada 3 günlük istirahətini təmin etdi. Jurnalistlərlə yanaşı turistlər də istirahətdən və reysdən razı qaldı. Reyslərin mövsümi xarakter daşımasını deyil, daimi olmasını arzulayanlar da tapıldı.

Məlumunuz olsun ki, “Azərbaycan Hava Yolları” QSC növbəti mövsümdə Bakı-Antalya reysini sayını artırmağı planlaşdırır.