“8 Noyabr” stansiyası sınaq mərhələsindən sonra açılacaq

Metronun “8 Noyabr” stansiyasında son tamamlama işləri aparılır”.

Bunu  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, pandemiya şəraiti stansiyadakı işlərə təsir etməyib:

“İşlər tam sürətlə, əks-epidemik tədbirlərə, texnoloji proseslərin tələbinə uyğun gedir. Quraşdırma və paralel olaraq, sazlama, sınaq, tənzimləmə işləri aparılır. Hərəkətin təşkili prinsiplərinə uyğun təşkilati işlər, bir-biri ilə zəncirvari bağlı olan sistem və avadanlıqların sinxron əlaqəsinin qurulması prosesləri davam etdirilir”.

O qeyd edib ki, açılış üçün bütün mənzil və stansiyada müasir avadanlıq, yanaşma və sistemlər olduğu üçün tam dəqiq işlənməlidir:

“Bu səbəbdən məsələnin ən kiçik detalı belə tam sınaqdan çıxmalıdır. Bu işlər yekunlaşdıqdan sonra stansiya açılacaq. Açılışın isə metropolitendə sərnişindaşınma fəaliyyətinin bərpa olunması ilə əlaqəsi yoxdur. İşlər yekunlaşıb, sınaq keçirildkdən sonra stansiya istismara hazır olacaq”.

Qeyd edək ki, hazırda Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır. Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.