“Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diqtə edən tərəfdir. Ermənistanın və Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz rejimin təxribatları qəbulolunmazdır. Bu gün Qarabağdakı erməni separatçılarının davranışları və Ermənistan hakimiyyətinin onlara dəstəyi yolverilməzdir”.
Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Nikol Paşinyanın Qarabağdakı separatçılara dəstəyi beynəlxalq hüquq normalarına tamamilə ziddir. “Separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir. son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl çəkməli və sülh müqaviləsini imzalamalıdır”, – o qeyd edib.