“Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir” – Deputat

“Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir”.
Bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Heydər Əliyev Mərkəzinin qarşısında açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə keçirilən “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbirdə deyib.

Qərbi Azərbaycan coğrafiyasının məhz ümummilli mədəniyyətimizin mərkəzlərindən biri olduğunu vurğulayan H.Babaoğlu keçirilən tədbirin ilk növbədə milli-etnik arealımızın necə böyük olmasından xəbər verdiyini bildirib:

“Hazırda ermənilər tərəfindən etnik təmizləmə siyasətinin qurbanı olmuş azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmaq şansının yarandığı bir vaxtda bu, milli mədəniyyətimizin bütövlüyünü göstərir. Hazırda Qərbi azərbaycanlılar öz talelərinin çox həlledici mərhələsindən keçir. 2022-ci ilin dekabr ayında Azərbaycan Prezidenti Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ilə bağlı konseptual bir çıxış etdi.

Hazırda bu, bir tarixi fürsətdir, bir tarixi hadisədir ki, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması ilə bağlı məsələnin də danışıqların bir predmeti olduğunu dilə gətirdi. Bu, əlbəttə, mühüm bir tarixi hadisədir.

Buraya toplaşan Qərbi azərbaycanlılar hər birimiz əminik ki, biz yenidən öz tarixi torpaqlarımıza qayıtmaqla, yaratdığımız mədəniyyət nümunələrinin inkişafını yeni nəsillə birlikdə davam etdirəcəyik. Ona görə də burada iştirak edən hər kəsə təşəkkür edirəm. Bugünkü tədbirdə mətbəx nümunələri, xörəklər də yer alır. Bizlər əminik ki, bir gün bu nemətlərin dadına İrəvanda, Zəngəzurda  baxacağıq”.