Abel Məhərrəmov Nobel mükafatı laureatı ilə görüş keçirilmişdir

10

 

Bakı Dövlət Universitetində (BDU) fizika üzrə Nobel mükafatı laureatı Klaus fon-Klitsinq ilə görüş keçirilmişdir.

Xalq.az xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Klaus fon-Klitsinqin üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəldiyini bildirmişdir. Forumda bir çox tanınmış şəxslər, dövlət nümayəndələri və məşhur siyasətçilərlə yanaşı, 15 Nobel mükafatçısının da iştirak edəcəyini diqqətə çatdıran rektor demişdir ki, onlardan 5-i BDU-nun dəvəti ilə gəlmişdir. Bu alimlər əsasən elmi müstəvidə çıxış edəcəklər. Onlarla müqavilə bağlandığını vurğulayan A.Məhərrəmov müxtəlif elm sahələri üzrə dünyada tanınmış alimlərin ölkəmizin ali məktəblərində mühazirələr oxuyacaqlarını söyləmişdir.
Məşhur alimin həyatı və elmi fəaliyyəti barədə məlumat verən rektor bildirmişdir ki, alman fiziki, Nobel mükafatı laureatı Klaus fon-Klitsinqin əsas tədqiqat istiqamətləri kondensiyalaşmış maddələrin və kiçik ölçülü sistemlərin fizikasıdır. O, 1979-cu ildə Qrenoblda silisiumlu sahə tranzistorunda Xoll effektinin araşdırılması üzrə bir sıra təcrübələr keçirmiş və bu təcrübələr nəticəsində Xollun tam ədədli kvant effektini açmışdır. Təcrübələrin nəticəsi 1980-ci ildə “Physical Review Letters” jurnalında nəşr edilmişdir. Klaus fon-Klitsinq 1985-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Hazırda o, ikiölçülü qazın maqnetomüqavimətinin osillyasiyası məsələsi ilə məşğuldur.
Universitet haqqında qonağa məlumat verən akademik A.Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu ali təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışmışdır. Bildirilmişdir ki, BDU dünyanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə yanaşı, Almaniya universitetləri ilə də səmərəli əlaqələr qurmuşdur. Bu münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə Klaus fon-Klitsinqin “Kəsrli kvant Holl effektinin yeni tətbiqləri” mövzusunda mühazirəsi dinlənilmişdir. Dünya şöhrətli alim tələbələrin mövzu ilə bağlı suallarını ətraflı cavablandırmışdır.
BDU-nun nanoaraşdırmalar laboratoriyasına baş çəkən qonaq burada aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olmuş, onları yüksək qiymətləndirmişdir. Alim tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələrinin qurulması istiqamətində məsləhətlər vermişdir.
BDU-da təşkil olunan səmimi görüşdən razılığını bildirən Klaus fon-Klitsinq universitetin rəhbərliyinə və kollektivə minnətdarlığını çatdırmış, uğurlar arzulamışdır.