Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının iclası keçirilmişdir

09

 

Azərbaycan Mətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının iclası keçirilmişdir.
Mətbuat Şurasından AzərTAc-a bildirmişlər ki, komissiyanın sədri, MŞ-nin idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın müzakirəsinə 15 müraciətin təqdim olunduğunu diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, bunlardan biri MŞ-nin şikayətlər üzrə komissiyası, digərləri isə katibliyi tərəfindən təqdim edilmişdir.
Vüqar Rəhimzadə şikayətlər üzrə komissiyanın 2013-cü il 15 avqust tarixli iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin müraciəti əsasında “Elin sözü” qəzeti barədə rəy qəbul olunduğunu diqqətə çatdırmışdır. Həmin rəydə MŞ-nin idarə heyətinin daha dolğun qərar qəbul etməsi üçün mənsub olduqları komissiyanın da təqdimatının zəruriliyinin əsaslandırıldığını vurğulamışdır. Komissiya sədri bildirmişdir ki, “Elin sözü” qəzetinin təsisçisi və baş redaktoru Minadi Mikayılovun adıçəkilən təhsil ocağının rəhbərliyinə və kollektivinə münasibətdə tutduğu mövqe həqiqətən də peşə prinsiplərinə ziddir. Sözügedən qəzetin 2013-cü il 6-12 aprel tarixli nömrəsində “Azərbaycan Dövlət İqtisad Universiteti təhsilin inkişaf yolunda nümunədir” sərlövhəli müsbət səciyyəli yazı versə də, sonrakı yeddi nömrəsində universitetdən narazı şəxsin bir-birinə bənzər 18 müraciəti təqdim olunmuşdur. Qəzet rəhbərliyi bununla da münaqişənin tərəfdaşı qismində çıxış etmişdir. Minadi Mikayılovun vaxtilə həmin universitetdən uzaqlaşdırıldığını nəzərə alsaq, belə nəticəyə gəlirik ki, o, vəzifəsində sui-istifadəyə yol vermişdir. “Elin sözü” rəyin qəbulundan sonra da eyni fəaliyyətə üstünlük vermişdir. Komissiya üzvləri qəzetin dəst-xəttində “reket jurnalistika”ya xas cəhətlərin qabarıq göründüyünü nəzərə alaraq mətbu nəşrin adının MŞ-nin “qara siyahı”sına salınmasını məqbul saymışlar.
Sonra “Korrupsiya və qanun” qəzeti ilə bağlı müzakirələr aparılmışdır. Bildirilmişdir ki, qəzetin fəaliyyəti ikinci dəfədir ki, komissiyada araşdırılır. 2012-ci il oktyabrın 30-da keçirilmiş iclasda nəşrin baş redaktoru Xuraman Quliyevanın səmimi etirafı nəzərə alınaraq nəşrə MŞ-nin xəbərdarlığının olunması ilə məhdudlaşdırılması zəruri bilinmişdi. Şuranın idarə heyətinin 2012-ci il 8 noyabr tarixli iclası da təklifi məqbul saymışdı. Lakin sonradan MŞ-yə Xuraman Quliyevanın və əməkdaşlarının peşə səlahiyyətlərindən sui-istifadə etmələri, baş redaktor tərəfindən vəsiqələrin satılması, müxbirlərin yerlərdə təftişçiliklə məşğul olmaları, müxtəlif yaşlı, vəzifəli insanlara qarşı təhdidlər etmələri barədə MŞ-yə şikayətlər daxil olmuşdur. Xuraman Quliyeva ilə bu barədə MŞ-nin katibliyində də söhbətlər aparılmışdır. Lakin o, irad və tövsiyələrdən nəticə çıxarmamışdır. Buna görə də qəzetin adının MŞ-nin “qara siyahı”sına salınması məqsədəuyğun sayılmışdır. Komissiya tərəfindən hər iki nəşrlə bağlı MŞ-nin idarə heyətinə təqdimatların verilməsi qərara alınmışdır.
İclasda, həmçinin bildirilmişdir ki, Mətbuat Şurasına daxil olan bir sıra müraciətlərdə şikayətçilərin müxtəlif mətbu orqanlarının təmsilçiləri tərəfindən şantaja, dələduzluq əməllərinə və qanunazidd digər hallara məruz qalmaları barədə fikirləri də yer almışdır. Komissiya belə qənaətə gəlmişdir ki, belə hallar sırf hüquqi müstəvidə dəyərləndirilməli olduğundan şikayətçilərə müvafiq orqanlara müraciət etmələri tövsiyə olunmalıdır.


Comments are closed.