“AGAT” Beynəlxalq Forum keçirəcək

 

722

“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” (AGAT) daha çox beynəlxalq layihələrə imza atır. Önümüzdəki 3-4 ay ərzində həyata keçiriləcək layihələrimiz də beynəlxalqdır”

XALQ.AZ xəbər verir ki, bu sözləri GSR.fm-ə açıqlamasında AGAT sədr müavini Nərgiz Xələf deyib.

Sədr müavini bildirib ki, yeni mövsümdə həyata keçirəcəkləri ilk layihə Gənclərin Beynəlxalq sülh forumudur: “BMT sərəncamı ilə 21 sentyabr –  Beynəlxalq Sülh günüdür. BMT-yə bu təklifi “Peace one day” şəbəkəsi təklif edib. Azərbaycandan iki ilə yaxındır AGAT üzvdür, ümumilikdə 400 yaxın üzv var. Qərara gəldik ki, həmin təşkilatın üzvlərini – Avropanın 13 ölkəsinin – Yunanıstan, Litva, Finlandiya, Danimarka, Macarıstan, Çexiya, Avstrya, Hollandiya, Ukrayna, Türkiyə, Böyük Britaniya, Moldova və Gürcüstan nümayəndələrini Bakıya dəvət edək. Sentyabrın 18-dən 22-nə qədər Beynəlxalq Gənclərin Sülh Forumu keçiriləcək. Proqram çərçivəsində Füzuli rayon icra hakimi ilə, Füzulidə qaçqın və məcburi köçkünlər və şagirdlərlə görüşümüz olacaq. Çalışacağıq ki, Avropanın 11 ölkəsindən nümayəndələr qaçqın və məcburui köçkünləri və Qarabağ reallıqlarını öz gözləri ilə görsünlər. Nümayəndələr, həmçinin, ombudsman Elmira Süleymanova və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevlə görüşəcəklər. Sentyabrın 21 -də mətbuat konfransı və Forumun bağlanış mərasimi keçiriləcək. Qonaqlardan 3 ekspert Azərbaycanda gördüklərini şərh edəcək”.

Bundan əlavə Nərgiz Xələf qeyd edib ki, planlaşdırılan növbəti layihə Avropalı Gənc Federalistlərin üzvlərinin Azərbaycana səfəridir: “Avropa Parlamentində təmsil olunan federalistlərin gənclər qolu mövcudur ki, “Gənc Avropalı Ferderalistlər” adlanır. AGAT da onlarla 2013-cü ildən sıx əməkdaşlıq edir və Gənc Avropalı Federalistlərin Azərbaycan nümayəndəliyi yaradıldı. Dekabr ayında onların da idarə heyətini-federal komitəsini Azərbaycana gətirəcəyik.. Gənclər siyasəti və gənclərlə bağlı aparılan işlərlə tanış etmək istəyirik. Onaları millət vəkilləri ilə görüşdürməyi planlaşdırırıq. Qeyd edim ki, həmin təşkilatda Avropanın bütün ölkələrindən gənclər toplaşıb”.

Sədr müavini keçiriləcək yerli layihələrdən də məlumat verib: “Dekabra qədər yerli maarifləndirici layihlər həyata keçiririk.  Bunlar region gənclərinin liderlik qabiliyyətlərinin artırılmasına dair layihədir. İki ilə yaxındır bu istiqamətdə “Transparency Azərbaycan”la birgə layihə həyata keçiririk. Həmçinin, AGAT 2009-cu ilin noyabrın 16-da –  Dünya Tolerantlıq günündə Azərbaycanda Yaşayan Milli İcmaların Gənclər Təşkilatlarının Koordinasiya Şurasını yaratdı. Bu şurada yer alan yunan, yəhudi, tatar, polşa, ukrayna, rus, türk kimi icmaların gənclər təşkilatı ilə xüsi günləri qeyd edirik. Dekabr ayında kordinasiya şurasının müzakirə görüşü olacaq. Səfirlərlə icma üzvlərinin görüşlərini təşkil etmək niyyətindəyik”.