Ağdaşın iki kəndinə qaz verildi

 

10

Ağdaşın Güvəkənd və Əmrarx kəndlərinə 20 illik fasilədən sonra təbii qaz verilmişdir

 

Ağdaş rayonunda əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Xalq.az  xəbər verir ki, oktyabrın 7-də rayonun Güvəkənd və Əmrarx kəndlərinə 20 illik fasilədən sonra təbii qaz verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər ölkənin bütün bölgələrinin, o cümlədən Ağdaş rayonunun sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görüldüyünü vurğulamışlar.
Qeyd edilmişdir ki, bu gündən etibarən Güvəkənd və Əmrarx kəndlərində 451 abonentin evində “mavi alov” şölələnəcəkdir. Bu kəndlərin qazlaşdırılması üçün 8082 metr uzunluğunda daşıyıcı və 20335 metr uzunluğunda paylayıcı qaz xətləri çəkilmiş, evlərdə fərdi tənzimləyicilər və sayğaclar quraşdırılmışdır.
Məlumat verilmişdir ki, hazırda Ağdaş şəhərinin 20 Yanvar və Ağamalı küçələrində, Ləki və Məşəd qəsəbələrində, Nehrəxəlil və Qaradağlı kəndlərində qaz xətləri təmir və bərpa olunur. Bundan əlavə, rayonun daha 8 kəndinə qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın günlərə həmin kəndlərə qaz xətlərinin çəkilişinə başlanılacaqdır. Ümumiyyətlə, indiyədək Ağdaş şəhərində, Ləki qəsəbəsində və 39 kənddə 13 min 651 mənzil qazlaşdırılmış, rayon əhalisinin 75 faizi təbii qazla təmin olunmuşdur. 2014-cü ilin sonunadək rayonun bütün yaşayış məntəqələri qazlaşdırılacaqdır.
Mərasimdə çıxış edən kənd ağsaqqalları və ziyalılar təbii qazın verilməsinin sakinlərdə bayram əhval-ruhiyyəsi yaratdığını bildirmiş, onlara bu sevinci bəxş edənlərə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi məşəl alovlandırılmış, evlərdə təbii qazın təzyiqi yoxlanılmışdır.