Akademiyanın kursantları and içdi

06

 

Dövlət Sərhəd Xidməti Akademiyasının kursantları Vətənə və dövlətə sədaqət andı içmişlər

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında birinci kursa qəbul olunmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir.
Xalq.az AzərTAc isitnadən  xəbər verir ki, bu hərbi təhsil ocağının rəis müavini, polkovnik-leytenant Müzəffər Pirizadə Akademiyanın rəisi, general-mayor Araz Məmmədova raport vermişdir.
Akademiyanın döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Azərbaycanın Respublikasının Dövlət himni səsləndirilmişdir.
Akademiyaya yeni qəbul olunmuş kursantlar Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, komandirlərin əmrlərini ləyaqətlə yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına təntənəli surətdə and içmişlər.
Tədbirdə DSX rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin təbrik məktubu oxunmuşdur.
Mərasimdə çıxış edən Akademiyanın rəisi, general-mayor A.Məmmədov kursantlara təbriklərini çatdırmış, onlara qəbul etdikləri anda sadiq qalmağı və uğurlar arzulamışdır. Qeyd edilmişdir ki, hərbi anda və dövlətçiliyə sadiqlik, yüksək nizam-intizam, döyüş texnikasının, atıcı silahların sirlərinə yiyələnmək hər bir kursantın vəzifəsi olmalıdır. Çünki sərhədçilərin ən böyük vəzifəsi Vətən torpaqlarının işğaldan azad edilməsi və orada üçrəngli zəfər bayrağımızın dalğalanması, pozulmuş sərhədlərimizin bərpasıdır.
Akademiyanın yaranma tarixi, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan bəhs edən A.Məmmədov Azərbaycanda ordu quruculuğu sahəsində, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sərhəd Qoşunlarının maddi–texniki bazasının möhkəmləndirilməsinə, sərhədlərimizin etibarlı mühafizəsinin təşkil olunmasına, sərhədçilər üçün nümunəvi xidmət və məişət şəraitinin yaradılmasına, peşəkar sərhədçi kadrların hazırlanmasına hər zaman xüsusi diqqət və qayğı göstərir.
A.Məmmədov xalqımızın azad və firavan yaşaması, müstəqilliyimizin qorunub saxlanılması yolunda gənc kursantlara içdikləri anda sadiq qalaraq mətin, mübariz, mərd zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə hazır olmağı arzulamışdır.
Gənc kursantlar adından çıxış edən Cümşüd Mehdiyev komandir və valideynləri qarşısında dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarını, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnəcəklərini, onun adını daim uca tutacaqlarını bildirmişdir.
Sonra hərbi orkestrin müşayiəti ilə kursantların təntənəli keçidi olmuşdur.
Daha sonra Akademiyanın akt zalında valideynlərlə görüş keçirilmişdir.
Sonda qonaqlar və valideynlər Akademiyada yaradılmış şəraitlə tanış olmuşlar.