Alı Alıyevin biznesinin gizlinləri

 

09

 

Füzulinin icra başçısı yerli orta məktəblərin bütün avadanlıqlarını sexində hazırlatdırırmış

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin məmur fəaliyyətindən başqa, biznesinin də olduğu barədə çox yazılsa da, bunun təsdiqini göstərəcək tutarlı məlumat ortaya çıxmamışdı. Xalq.az-ın araşdırmaları zamanı isə bunu təsdiq edən bəzi məqamların üzəri açılıb. Belə ki, Füzulinin icra başçısı Alı Alıyevin mebel biznesi ilə məşğul olduğu və Bakıda bir neçə iri mebel sexinin varlığına dair bilgilər üzə çıxıb. Məlum olub ki, həmin sexlər vasitəsi ilə rayondakı bütün orta məktəblərin, idarə və müəssisələrin mebellə təhcizatı təmin olunur. Tenderlə bağlı keçirilən müsabiqələrdən də belə aydın olur ki, həmin məqsədlər üçün ayrılmış pullar özgə ciblərə getməyib.

 

Xalq.az-ın araşdırmalarına görə, Füzuli rayon Təhsil Şöbəsinin yumuşaq invetarlarla təhciz olunması işlərinin satın alınması üçün 9910 manat pul ayrılıb ki, bunu da «Kolden-Ko» MMC şirkəti həyata keçirib. Və qəribədir ki, bu proses bir ildə iki dəfə həyata keçirilib. Növbəti yumuşaq mebelin alınması üçün daha 10 min manat ayrılıb. Amma bu dəfə həmin satınalmanı «Yelkən» MMC həyata keçirib.

 

Rayondakı orta məktəblərə inventarların alınması işlərini də «Yelkən» MMC-yə həvalə edən Alı Alıyev onların əliylə daha 9500 manatlıq bir əməliyyat həyata keçirib. Məlumatlara görə, «Yelkən» MMC icra başçısının yaxın qohumlarından birinə məxsusdur və ona görə də, «Kolden-Ko» ilə yollarını bir müddətdən sonra ayırıb. Amma bütün bunlara baxmayaraq, alınan bütün mebel dəstlərinin istehsalçısı elə Alı Alıyevin sexləri olub.

 

Füzulidə idarə və müəssisələrin kondisioner və ayrı-ayrı avadanlıqlar alması da maraqlı bir şəkildə həyata keçirilir. Bununla bağlı müsabiqə elan edilir və guya, həmin avadanlıqları aldıqları sənədləşdirilir. Əslində isə icra başçısı hər bir idarə və müəssisə rəhbərinə belə avadanlıqları öz pulları ilə almasını tələb edir. Ayrılmış pullar isə özünə yaxın şirkətlər vasitəsi ilə köçürülmə yolu ilə Alıyevin cibinə girir. Məsələn, bu yaxınlarda rayonun Təhsil Şöbəsi üçün kondisoner və digər avadanlıqların alınması üçün ayrılmış 10500 manat pul ayrılsa da, həmin əşyaları şöbənin müdirinin öz cibinin pulu ilə aldığı deyilir. «Venera-R» MMC vasitəsi ilə həyata keçirilmiş həmin prosesin davamı isə digər maşın və avadanlıqların alınması ilə yekunlaşıb və bu məqsədlə 8000 manat sərf olunub.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq