Allahşükür Paşazadə Qazaxıstana səfərə yola düşür

04

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə sabah Qazaxıstana səfərə yola düşür. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərdə məqsəd sentyabrın 25-də Astanada keçiriləcək “Qazaxıstan Respublikası Prezidentinin sivilizasiyaların dialoqunda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir.

Səfər Qazaxıstan Senatının sədri Kayrat Maminin dəvəti əsasında həyata keçirilir. Konfrans prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunub. Astana Sammitlərinin mütəmadi iştirakçısı olmuş Allahşükür Paşazadə konfransın Rəyasət Heyətində təmsil olunur.

QMİ sədri konfransın açılış mərasimində çıxış edəcək. Sentyabrın 26-dək davam edəcək səfər müddətində Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşləri, o cümlədən Astana Sammitlərinin Təşkilat Komitəsinin sədri, Qazaxıstan Senatının sədri Kayrat Mami tərəfindən qəbulu nəzərdə tutulub.