Anardan Ramiz Rövşən barədə iddialara REAKSİYA

Bir neçə gündür, sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Ramiz Rövşənin “Ruhum, dur, yığış gedirik, sən yuxarı, mən aşağı” şeirinin plagiat olması barədə məlumatlar yayılıb.
Sözügedən şeirin türkiyəli şair Nəcib Fazıl Kısakürəyə aid olduğu iddia edilir.
Bir qisim isə hesab edir ki, kimlərsə şeiri türkcəyə tərcümə edərək qarışıqlıq yaratmaq niyyətindədir.
Müzakirələrə qoşulan azərbaycanlı şair və yazıçılar isə sosial şəbəkələrdə Xalq şairimizi müdafiə ediblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev də ədəbiyyət cameəsi ilə həmfikirdir. Onun sözlərinə görə, R.Rövşənin kiminsə şeirini oğurlamağa ehtiyacı yoxdur:
“Mənim bu müzakirələrdən xəbərim yoxdur. Onu bilirəm ki, Ramiz Rövşən böyük şairdir və onun özgənin şeirini götürməyə ehtiyacı yoxdur, vəssalam! Ayrı bir şey deyə bilmərəm”.
Nə üçün Ramiz Rövşənə qarşı belə bir iddia ortaya atılması ilə bağlı suala cavab olaraq isə  AYB sədri “bu sualı Ramiz Rövşənə versəniz, daha yaxşı olar” söyləyib.
Qeyd edək ki, müzakirələrlə bağlı R.Rövşənlə əlaqə saxlamağa çalışsaq da, hələlik zənglərimizə cavab verən olmayıb.