“Anım mərasimi erməni kilsəsinin iç üzünü dünyaya bəyan edir” – Deputat

“Tarixi faktlar təsdiqləyir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər. 1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdır: “Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışlar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirmişdir. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdir. O demişdir: «Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq”. ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terrorçulardan qoruma hüququnu özündə ehtiva edir”. Bu fikirləri  Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat qeyd edib ki, “erməni soyqırımının” olduğunu təsdiq edə bilməyən terrorçular özləri dəfələrlə türk xalqlarına qarşı tarixdə analoqu olmayan soyqırımlar törədiblər: “Çox təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzdən gəlir. 1970-ci illərdə «yeni nəsil» erməni terrorçular müxtəlif ölkələrdə, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində türk diplomatlarının qətlə yetirilməsi «kampaniyası»həyata keçiriblər. Türk diplomatlarla yanaşı, onların ailə üzvləri və sürücüləri də terror təşkilatlarının hücumuna məruz qalıblar. Belə ki, Türkiyənin İspaniyadakı səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və sabiq səfir Beşir Balcıoğlu 1978-ci ildə səfirliyə aid avtomobilə silahlı hücum zamanı həlak olublar. Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbayın həyat yoldaşı Nadide Akbay da eyni şəkildə öldürülüb. Türkiyənin Portuqaliyadakı səfirliyinin əməkdaşı Yurtsev Mıhçıoğlu və onun həyat yoldaşı Cahide Mıhçıoğlu da səfirliyə hücum zamanı qətlə yetiriliblər.

Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən həyata keçirilib. Bundan əlavə, 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən Türk Hava Yollarının Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb”.

K.Bayramov sözlərinə davam edərək vurğulayıb ki, bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və diasporu erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının və terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldırlar: “Ermənistanın paytaxtı Yerevandakı “Yerablur” dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının «qəhrəman» kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun təsdiqidir. Satqın, casus Njdeyə İrəvanın mərkəzində abidə ucaldılması və terrorçu Monte Melkonyanın adının küçəyə verilərək əbədiləşdirilməsi onların iç üzünü aşkar göstərir.

Ermənilər illərdir xarici himayədarlarının dəstəyindən bəhrələnərək beynəlxalq ictimaiyyətdə özləri barədə “yazıq, məzlum, əzilən, döyülən» millət, azərbaycanlıların isə mənfi obrazını yaradıblar. ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsi də bu təbliğatın nəticəsi idi. Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etməyə sövq etdi. Hər zaman qeyd etdiyimiz kimi, dünyanı idarə edən iri dövlətlər bu və ya digər ölkələrə qarşı atılan addımlara, eyni zamanda, baş verən hadisələrə o zaman düzgün dəyər verməyə çalışırlar ki, özləri həmin hadisəni yaşayır. Dövlətimizin başçısı hər zaman bəyan edirdi ki, səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları tarixə XX əsrin dəhşətli faciəsi kimi daxil olan Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 44 günlük müharibə dövründə döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində aparılan mübarizənin davamı oldu. Bu gün ermənilər yenə də yalanları ilə beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkməyə, Azərbaycanın artan nüfuzuna və möhkəmlənən mövqeyinə kölgə salmağa cəhdlər etsələr də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, həmçinin Ermənistana və ona havadarlıq edənlərə keçilən tarix, hüquq və qürur dərsi bunu mümkünsüz edir. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir.

Vaxt gələcək dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına və ümumiyyətlə, türk dünyaına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəkdir”.