“Anti-terror tədbirlərini həm də sülhü yaxınlaşdırma kimi qiymətləndirə bilərik” – Deputat

Anti-terror tədbirlərini həm də sülhü yaxınlaşdırma kimi qiymətləndirə bilərik.

Oktyabrın 2-də Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı bildirib ki, Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik.

“19-20 sentyabrda baş tutmuş anti-terror tədbirlərindən sonra biz sülhə ən yaxın mərhələyə qədəm qoymuşuq. Düşünürəm ki, bu anti-terror tədbirlərini həm də sülhü yaxınlaşdırma tədbirləri kimi qiymətləndirə bilərik. Bu gün əlbəttə ki, Azərbaycan sülh mövqeyində israr edir. Cənab Prezident bütün beynəlxalq tədbirlərdə bu məsələni dilə gətirir və doğrudan da bir daha aydın oldu ki, Azərbaycan hüquqi dövlət olduğuna görə hüquqa, beynəlxalq hüquqa, özünün Konstitusiyasına daima sadiq qalır”.

Bu sözləri mövzu ilə bağlı saytımıza danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, sentyabr hadisələrindən sonra Azərbaycan ərazisində olan erməni sakinlərinin Azərbaycanı tərk etmələri də hüquq konteksti daxilində baş verdi.

“Bu da əslində bir növ Azərbaycanın özünəməxsus sülh mesajı idi. Buna görə mən düşünürəm ki, mövcud mərhələdə çox sürətlə inkişaf edən proseslər kontekstində regional sülhün gəlməsi zəruridir. Cənubi Qafqazda bu sülhün və əməkdaşlığın strateji memarı Azərbaycan Prezidentidir. Elə sonuncu beynəlxalq tədbirdə sülhün yaxın olmasını bildirməklə həm də bir daha Azərbaycan Prezidenti dövlətimizin sülhpərəst mövqeyini nümayiş etdirmiş oldu”.

Deputat həmçinin sülh müqaviləsi ilə bağlı danışarkən qeyd edib ki, Ermənistanı uzun müddətdir tanıdığımıza və necə bir dövlət olduğunu bildiyimizə görə mütləq bir “amma” pauzası edirik.

“Bütün təxribat limitlərinin tükənməsinə baxmayaraq son anda bir təxribat mümkündür. Düşünürəm ki. birinci sülhün çərçivəsinin müəyyənləşdirilməsi ilə bağlı əldə oluna bilər. Ancaq, digər bütün detallarda bu sülh çərçivəsinin içərisinin doldurulması və yekun sülh aktının imzalanması yəqin ki, bir qədər vaxt aparacaq”.