“Artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzi kimi özünü təsdiq etməkdədir” – Deputat

“Son illər türk dövlətləri arasında əlaqələr əhəmiyyətli dərəcədə güclənməkdədir. Qarşılıqlı əlaqələrin genişlənməsi ümumilikdə türk dövlətlərinin birliyinin daha da güclənməsinə xidmət edir”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Bildirib ki, bu prosesdə avanqard təsisata kimi rolunu artıran Türk Dövlətləri Təşkilatının səyi ilə mühüm regional layihələrin həyata keçirilməsi türk birliyinin uğurlu proqramlarını daha da möhkəmləndirir:

“Artıq Türk Dövlətləri Təşkilatı regional güc mərkəzi kimi özünü təsdiq etməkdədir. Təşkilata üzv ölkələr öz aralarında münasibətləri möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də cərəyan edən proseslərə çevik reaksiya verir, eləcə də humanitar təşəbbüslərlə çıxış edir. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib”.

Millət vəkilinin sözlərinə görə, təşkilatın sıraları genişlənir, siyasi, iqtisadi və mədəni əlaqələr davamlı olaraq genişlənir:

“Burada Azərbaycan və Türkiyənin rolu kifayət qədər böyükdür. Cənab Prezidentin də vurğuladığı kimi Azərbaycan üçün Türk dövlətləri ilə əlaqələr xarici siyasətdə birinci dərəcəli vəzifədir. Son bir neçə il ərzində mənim Təşkilata üzv olan ölkələrə çoxsaylı səfərlərim həyata keçirilib, təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının da Azərbaycana bir çox səfərləri həyata keçirilmişdir və qürurverici odur ki, bu səfərlərdə azad edilmiş ərazilərdə icra olunan layihələrə xüsusi maraq ifadə olunub. Artıq Türk dövlətləri bu ərazilərdə layihələrə qoşulur, öz təşəbbüslərə ilə layihələr icra edir. Türkiyə, Özbəkistan artıq Qarabağ və Şərqi-Zəngəzurda infrastruktur layihələrin təməlini qoyub, açılışlar edir. Təşkilata üzv olan ölkələr Zəngəzur dəhlizinin önəmini də xüsusilə diqqət mərkəzində saxlayır. Çünki Zəngəzur dəhlizinin açılması Türk dünyasını coğrafi cəhətdən birləşdirəcək ki, bu amil türk dövlətləri arasında bütün sahələr üzrə əlaqələri gücləndirəcək. Bununla da TDT regional birlikdən qlobal güc mərkəzinə çevrilə bilər”.

A.Hüseynov bildirib ki, Türk dünyası böyük bir ailədir və bölgədə logistika, iqtisadi imkanları artır, böyük iqtisadi coğrafiyaya sahib olmaqdadır.