Arzu Əliyevanın layıhəsi Avropada

 

 

 

Parisdəki “Musée de l’Armée” Ordu Muzeyində II Dünya Müharibəsinin başa çatması ilə əlaqədar anım tədbirlərinin bir hissəsi olaraq “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Avropa premyerası keçirilib. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi, Azərbaycanın Fransadakı səfirliyi və “Evropa Film Akt” (EFA) təşkilatının dəstəyi ilə təşkil olunub.

 

Avropa Azərbaycan Cəmiyyətindən XALQ.AZ-a verilən məlumata görə, rəqəmsal qaydada bərpa olunan və rənglənmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. Sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə “CC&C Productions” şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu xanım Əliyevadır.

 

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib ki, filmdə Bakı neftinin, Fransa da daxil olmaqla, Avropanın gələcəyini qorumaqda oynadığı rol barədə maraqlı hekayə nəql edilir: “TEAS-ın Fransa ofisi II Dünya müharibəsində qazanılmış birgə qələbədə Azərbaycanın rolu haqqında daim məlumatlılığı artırmağa çalışır. Ötən il təşkilatımız Tuluza yaxınlığında Kabertat Mavzoleyində silahdaşları tərəfindən “Xarko” kimi tanınan Əhmədiyyə Cabrayılov (Əhməd Mişel) və Fransa müqavimət hərəkatının digər üzvlərinə həsr olunmuş monumentin qoyulmasında yaxından iştirak edib. Onun, xüsusilə 1944-cü ildə Tarn-et-Garonne regionunun azad edilməsində cəsurluğu unudulmayıb və general Şarl de Qoll tərəfindən “Fəxri Legion” ordeni ilə təltif edilib. Bundan əlavə, “TEAS Press” Nəşriyyat Evi fransalı qadın İvonna Botto haqqında kitab dərc edib. Bu qadın Fransa müqavimət hərəkatının azərbaycanlı üzvü ilə ailə qurub və Sovet İttifaqının sərt qaydaları və siyasi səbəblərdən öz evinə qayıda bilməyib”.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov filmin yaradıcı heyətinə bu cür qeyri-adi sənədli film çəkdiklərinə görə təşəkkür edib: “II Dünya müharibəsinin Avropaya və xüsusilə də Fransaya çox güclü təsiri olub. İndi nasizmin məğlubiyyətindən 70 ildən çox vaxt keçib. Bakının ələ keçirilməsi Hitler üçün böyük prioritet idi. Baxmayaraq ki, bu hekayə ictimaiyyətə o qədər də tanış deyil. Hitlerin Almaniyasında kifayət qədər yanacaq ehtiyatları yox idi.  O, çox yaxşı bilirdi ki, Qızıl Ordunun ehtiyatlarının böyük hissəsini Bakı təmin edirdi”.

 

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir. Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

 

Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.

 

Qeyd edək ki, İkinci Dünya savaşının döyüş meydanlarında 300 minə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub. 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib.