Arzu Nağıyev: “Münasibətlərin inkişafı üçün hər iki ölkə lideri hazırda yüksək səviyyədə işlər icra edirlər”

Ölkə başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Özbəkistan əməkdaşlığında həm ikitərəfli, həm də regional proseslərdə böyük töhfə verə bilər. Münasibətlərin inkişafı üçün hər iki ölkə lideri hazırda yüksək səviyyədə işlər icra edirlər.

Bunu  Milli Məclisin deputatı Arzu Nağıyev bildirib. O qeyd edib ki, Mərkəzi Asiya ölkələri Azərbaycana böyük maraq göstərir. Azərbaycan da öz növbəsində Mərkəzi Asiya ölkələri ilə intensiv dialoq aparır. Vətən müharibəsindən sonra bu, keyfiyyətcə yeni mərhələyə çıxıb. Burada türkdilli dövlətlər amilini da nəzərə almaq lazımdır.

Arzu Nağıyevin sözlərinə görə, səfər çərçivəsində müxtəlif sahələr üzrə imzalanan sənədlər əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək lazımdır. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir.

Deputat əlavə edib ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Şərq ölkələri, eləcə də türkdilli dövlətlərlə bağlı siyasətinin təhlili göstərir ki, Türk dünyasının inkişafında rəsmi Bakının kifayət qədər böyük payı var. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında təmsil olunan bu iki ölkə arasında münasibətlərin siyasi, sosial-iqtisadi, humanitar və maraq doğuran digər qarşılıqlı sahələrdə əməkdaşlığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir.