“Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdədir” – Deputat

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə inkişaf etməkdədir. Özbəkistan lideri Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etməsi təsadüf deyil. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu, bizim qardaşlığımızın, dostluğumuzun və Azərbaycana, xalqımıza yüksək səviyyəli münasibətin göstəricisidir.

Bu fikirləri   Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Onun sözlərinə görə, iki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Görünən budur ki, iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Xarici siyasətdə əlaqələndirmə və beynəlxalq təşkilatlarda əməkdaşlıq müstəqil siyasət yürüdən hər iki dövlətin strateji tərəfdaşlığının vacib elementidir.

“Bakıda üç saatdan çox davam edən müzakirələrdə münasibətlərimizin inkişafının gələcəyi müəyyən edildi. Ali Dövlətlərarası Şuranın yaradılmasına dair qərar isə Bakı ilə Daşkənd arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləyir. Tərəflər arasında imzalanan 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondunun büdcəsinin artırılması əsas hədəflərdən biridir. Bakıda dövlət başçılarının verdiyi mesajlardan aydın oldu ki, Daşkənd Bakını münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın tərəfdaş hesab edir”, – deyə K.Nurullayeva diqqətə çatdırıb.

Özbəkistan üçün iqtisadiyyatda nəqliyyat sahəsinin çox ciddi komponent olduğunu xatırladan deputatın fikrincə, istiqaməti ən yaxın ölkə olan Azərbaycanla müəyyən edən Daşkənd bunu yeganə düzgün qərar hesab edir. Özbəkistanla nəqliyyat-logistika sahəsində əməkdaşlıq da Azərbaycanın hazırda iştirak etdiyi mühüm beynəlxalq nəqliyyat layihələrinə əlavə imkanlar yaratmaqla yanaşı, tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflər həm də investisiyaların təşviqi ilə bağlı səmərəli addımlar atmaqda maraqlıdır. Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi ötən il imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”in əsas xarakterini təşkil edir.

Məlumdur ki, ötən il Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə də razılıq əldə olunub ki, bu da Azərbaycanın hərbi sahədə əlaqələrinin daha da güclənməsi deməkdir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan hərbi potensialını daha da gücləndirir və yeni nəsil müharibənin qalibi kimi bu sahədə ölkəmizlə əməkdaşlığa maraq artmaqdadır.

K.Nurullayeva vurğulayıb ki, Özbəkistan həm də ərazi bütövlüyü məsələsində hər zaman Azərbaycanı dəstəkləyib və sırf işğal siyasətinə görə Ermənistanla diplomatik münasibət qurmayan üç ölkədən biridir.

Azad olunmuş ərazilərin bərpasında Azərbaycanın yanında olan dost ölkə Füzulidə öz büdcəsi hesabına böyük məktəb inşa edib. Bu, bir neçə gün əvvəl öz dədə-baba yurduna qayıdan soydaşlarımıza- Füzuli şəhərinin ilk sakinlərinə dəstəkdir. Belə ki, builki tədris ilində Füzuli sakinləri Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar. Bu, Azərbaycanla Özbəkistan arasında dostluğun rəmzidir.

“Dövlət başçılarının qarşılıqlı dövlət səfərləri bir daha nəzərdə tutulan və aparılan çoxsaylı, ardıcıl dialoqun davam etdiyini təsdiqləyir.

Prezidentlərin də bəyan etdiyi kimi, hər bir görüş, hər bir müzakirə çox ciddi çağırışlara ümumi baxış fonunda ortaq məxrəcə gəlməyə və ən əsası, bu çağırışlardan ən az itki ilə çıxmağa imkan yaradır”, – deyən Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.