ASAN könüllülərinin sayı 30 min nəfərə çatıb

“ASAN xidmət” mərkəzlərində 30 mininci ASAN könüllüsü fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müraciətin sahibi Quliyeva Zöhrə Aslan qızıdır. O könüllü fəaliyyətini 1 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirəcək.

Bununla əlaqədar təşkil olunan tədbirdə könüllüyə Dövlət Agentliyi tərəfindən ASAN könüllüləri ailəsinə qoşulduğu üçün təşəkkürnamə və hədiyyələr, həmçinin “CELT Colleges” şirkəti tərəfindən ASAN könüllüsünə 6 ay müddətinə ödənişsiz ingilis dili kursu proqramı hədiyyə təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyətin artırılması məqsədilə könüllülük fəaliyyəti həyata keçirilir. Həmin prosesə 30 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 3 minə yaxın könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısı qismində çıxış ediblər.