ASAN xidmətdən 650 min vətəndaş yararlanıb

03

 

Cari il yanvarın 15-dən bu günədək artıq 650 mindən çox Azərbaycan vətəndaşı “ASAN xidmət” çərçivəsində göstərilən dövlət xidmətlərindən yararlanıb. Bunun xüsusi bir pay çəkisi də səyyar “ASAN xidmət”in üzərinə düşür. Biz tam əminik ki, burada, yəni Şəki şəhərində göstərilən səyyar xidmətdən sonra bu göstərici daha da artacaqdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Səyyar “ASAN xidmət” çərçivəsində vətəndaşlara 5 dövlət orqanı tərəfindən 8 növ dövlət xidmətinin təqdim olunduğunu nəzərə çarpdıran qurumun təmsilçisi bildirib ki, bu xidmətlər özü-özlüyündə çox innovativ xarakter daşıyır. Əsas məqsəd bu xidmətlərin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, əhali üçün əlçatanlığın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunmasıdır.
Azad Cəfərli deyib: “Biz tam əminik ki, bu xidmətlər bundan sonra da davam etdirilməklə, vətəndaşların məmnunluğuna, vətəndaş ilə dövlət qulluqçusu arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılmasına, elektron xidmətlərdən geniş istifadə olunmasına öz töhfəsini verəcəkdir. Burada xidmətlərin daha rahat şəkildə təqdim olunması üçün elektron növbə aparatından istifadə olunur. Quraşdırılmış xüsusi avadanlığın köməyi ilə bu və ya digər sənədlərin yerindəcə çap edilib vətəndaşlara təqdim olunması təmin olunur. Eyni zamanda, mərkəzlərdə quraşdırılmış məlumat bazalarına çıxışlar təmin olunmuşdur. Xüsusi avadanlığın vasitəsilə vətəndaşlarla bağlı sorğular yerindəcə mərkəzi aparata təqdim edilir və bu sorğulara cavablar alınır”.
Azad Cəfərlinin bildirdiyinə görə, indiyədək səyyar “ASAN xidmət” çərçivəsində 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN xidmət”in göstərilməsi planlaşdırılır. Şəkidən sonra noyabrın əvvəllərində Zaqatala və ətraf rayonların sakinləri də bu xidmətlərdən yararlana biləcəklər.