Astarada təqaüddə olan kitabxanaçılarla görüş keçirilib

Astara rayon kitabxanasının 80 illiyi ilə əlaqədar təqaüddə olan kitabxanaçılarla görüş keçirilib.

XALQ.AZ xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayon üzrə nümayəndə Şadoğlan Bayramov 1939-cu ildən fəaliyyətə başlayan kitabxananın keçdiyi yola nəzər salıb.

Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Bayramov, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov çıxışlarında ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışaraq kitabxana fondlarının zənginləşdirildiyini, maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulduğunu diqqətə çatdırıblar.

Təqaüddə olan kitabxanaçı Müzəffər Əhmədov Sovetlər məkanında ilk dəfə, çətinliklərə baxmayaraq, Astara rayon kitabxanasının sərhəd məntəqələrində səyyar kitabxana xidmətinin təşkilinə görə sərhəd xidməti generalından təşəkkür alması barədə xatirələrini danışıb.

Veteran kitabxanaçılar rayonun ucqar kəndlərində yeni kitabxanaların açılmasından, rayon mərkəzində, tarla düşərgələrində keçirdikləri müxtəlif tədbirlərdən danışaraq gənclərə tövsiyələrini bildiriblər.