Astaranın dağ kəndində görüş

Astara

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ucqar dağlıq ərazidə yerləşən Anboba kəndində səyyar qəbul keçirmişdir.

XALQ.AZ xəbər verir ki, rayonun ucqar dağlıq ərazilərində yerləşən kəndlərinə gedən  Rinə-Toradi yolunun yaxınlığındakı Anboba kəndində əhalinin əsas məşğuliyyəti heyvandarlıq, meyvəçilik və arıçılıqdır. Ucqar ərazidə yerləşsə də rayon rəhbərliyinin qayğısı daim hiss olunur. Uzun illər idi ki, kənddə  müasir tələblərə cavab verən məktəb binası yox idi. Kənd sakinlərinin arzusu yerinə yetirilir. Kənddə səksən şagird yerlik yeni məktəb binasının tikintisi sürətlə aparılır. Burada işin gedişi göstərir ki, məktəbin tikintisi yeni  dərs ilinə kimi başa çatdırılacaqdır. Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Anboba kənd məktəbinin tikintisində işlərin gedişi ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.

Asxanakəran inzibati nümayəndəliyinə aid olan Anboba kənd sakinləri ilə görüşdə çıxış edən icra başçısı son dövrdə respublikamızda, eləcə də rayonumuzda aparılan geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün ölkədə genişmiqyaslı tikinti işləri vüsət almış, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün konkret əməli tədbirlər həyata keçirilmişdir. Ötən illər ərzində iki Dövlət Proqramı yerinə yetirilmişdir. Rayonumuzun timsalında bu inkişafın canlı şahidiyik. Möhtərəm Prezidentimizin Sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Şəhərimizdə Dənizkənarı Park və bulvarın tikintisi əhalinin böyük sevincinə səbəb olmuşdur. Çimərlik üçün ayrılan ərazidə geniş abadlıq işləri aparılır. Gələcəkdə Rinə-Toradi avtomobil yolunun əsaslı təmirinə başlanılacaqdır.

Kənd sakinlərindən Manafəli Teymurov, Zülfiəli İbadov, İman Bəyəliyev və başqaları çıxış edərək ucqar dağlıq ərazidə yerləşən Anboba kəndinə gəldiyinə, sakinlərlə səmimi görüş keçirdiyinə görə icra başçısı Q.Ağayevə təşəkkürlərini bildirmiş, respublikamızda o cümlədən rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərindən, xüsusən dağ kəndlərinə gedən yolların əsaslı təmirinə ciddi diqqət yetirilməsindən razılıqlarını ifadə etmişlər. Kənd sakinləri ərazidə yerləşən elektrik xətlərinin yenidən qurulması, istehsal olunan sitrus meyvələrinin emalı üçün sexlərin yaradılması, Motlayataq-Anboba, Biləsər-Motlayataq yolunun təmir edilməsi, kənddə feldşer-mama məntəqəsi yaradılması barədə təkliflər verilmişdir.

Anboba kənd sakinləri ilə keçirilən görüşü yekunlaşdıran icra başçısı qeyd etmişdir ki, burada qaldırılan məsələlərin icrası üçün müvafiq tədbirlər görüləcək, elektrik xətləri təmir ediləcək, kənd yollarının təmirinə diqqət artırılacaqdır.