AVROPA İTTİFAQI AZƏRBAYCANIN ƏSAS TİCARƏT TƏRƏFDAŞIDIR

Azərbaycan qüdrətli, güclü, sülhsevər bir ölkə kimi Cənubi Qafqazda, beynəlxalq aləmdə sülhə, əminamanlığa, təhlükəsizliyə mühüm töhvələr verir. Bunun nəticəsidir ki, dünya siyasətinin aparıcı qurumları, beynəlxalq təşkilatları Azərbaycanın yürütdüyü xarici siyasəti yüksək qiymətləndirir və dəstəkləyirlər.

Müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, iqtisadi, strateji, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir.

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Avropa İttifaqının maliyyələşdirdiyi “Şərq Tərəfdaşlığı Regional Gənclər Bölməsi” layihəsi 2013-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır. Layihə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Gürcüstan, Ermənistan, Belarusi, Moldova və Ukraynaya) əhatə edir. Bu layihə gənclər siyasəti sahəsində islahatların aparılması üçün analitik, bacarıqların yaradılması və kommunikasiya fəaliyyətləri vasitəsilə maraqlı tərəflərin hökumət və qeyri-dövlət qurumları ilə regional texniki əməkdaşlığın təmin edilməsi üçün baza kimi xidmət edir. “Şərq Tərəfdaşlığı Regional Gənclər Bölməsi” Şərq Tərəfdaşlığı regionunda gənclər sahəsində həll təşəbbüskarı qismində çıxış edir. Layihə Şərq Tərəfdaşlığı regionunda milli və regional səviyyələrdə gənclər siyasətinin həyata keçirilməsində, qiymətləndirilməsində və monitorinqində iştirak edir.

Layihə Şərq Tərəfdaşlığı ölkələrində gənclər siyasətinin inkişaf etdirilməsi üçün bir vasitədir. Azərbaycan bu layihədə fəal iştirak edir. İndiyədək keçirilmiş müxtəlif təlim kurslarda, seminarlarda, görüş və tanışlıq səfərlərində Azərbaycanın gənclər təşkilatlarının və aidiyyatı dövlət orqanlarının nümayəndələrinin iştirakı təmin edilmişdir.

26-27 iyun 2014-cü il tarixlərdə Gəncə şəhərində “Gənclərlə iş sahəsində sektorlararası əməkdaşlıq” mövzusunda və 7 noyabr 2014-cü il tarixdə Bakı şəhərində “Gənclər sektorunda hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlıq potensialının inkişafı” mövzusunda milli seminarlar keçirilmişdir. Seminarlarda ümumilikdə 30 şəhər və rayondan 100-ə yaxın gənc iştirak etmişdir. Seminarlara Avropa İttifaqının Şərq Tərəfdaşlığı Regional Gənclər Bölməsi layihəsinin beynəlxalq ekspertləri cəb olunmuşdur. Seminar zamanı ekspertlər tərəfindən gənclərə “E-öyrənmə platforması”, “Avropa İttifaqı ölkələrində gənclərin və maraqlı tərəflərin iştirakı ilə gənclər siyasətinin hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsində ən yaxşı təcrübələr” mövzusunda təlimlər keçirilmiş, gənclərin məşğulluq problemləri, onların dövlət orqanlarında yeri və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycan bu kontekstdə son dövrlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin də ən fəal və önəmli iştirakçısıdır. Məhz, bütün bunlara görə dünya siyəsətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini, regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da, xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi imic qazanmışdır.

Müstəqil Azərbaycan həm də illərdi ki, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.

 

Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü

Mübariz Hüseynli