Avtobus mağazaya girdi

4

 

Qəzaya uğrayan 138 saylı sərnişin avtobusun sahibkarı Akif Rzayevin ANS PRESS-ə verdiyi məlumata görə, avtobusu 26 yaşlı Elşən Əmirov idarə edib. Səhər saatlarında Mərdəkan qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən avtobusun qarşısına qəfil minik maşını çıxıb. Bu səbəbdən avtobus sürücüsü idarəetməni itirib və yolun kənarındakı ərzaq mağazasına girib. Qəza nəticəsində sürücü özü də xəsarət alıb.

“Avtobusa ciddi ziyan dəyib. Kiçik ərzaq mağazası da bir az dağılıb. İndi hadisə yerinə əməkdaşlarımız gedib. Dəymiş ziyan hesablanacaq və mağaza sahibinə ödəniləcək. Sığortamız da var. Şükür ki, qəzada ciddi xəsarət alan və ölən olmayıb”, – deyə Akif Rzayev bildirib.

Saat 10:05
Bu gün saat 09:20 radələrində Bakının Xəzər rayonu ərazisində “Daewoo” markalı sərnişin avtobusu ağır qəzaya uğrayıb. Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi, polis akademisyasının yanında qeydə alınıb.
136 saylı sərnişin avtobusu yaxınlıqdakı mağazaya girib. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar 43 yaşlı Rafiz Əsgər oğlu Nəcəfov, 26 yaşlı Elşən Əmirov və 22 yaşlı Hüseyn Mütəllim oğlu Əliyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.