Avtoyuma məntəqələrində qiymət bahalaşdı

Məlum olduğu kimi, dünən Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, su təchizatı və tullantı sularının axıdılması, dərman vasitələrinin ekspertizası xidmətlərinin tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb.

 “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifini ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edib.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.

XALQ.AZ xəbər verir ki, artıq bu gündən Bakıda bir çox avtoyuma məntəqələri qiyməti qaldırıb. Əvvəllər 3 manata sadə, 5-6 manata full avtoyuma mümkün idisə, artıq 5 manata sadə, 8-10 manata full avtoyuma həyata keçirilir. Amma bəzi avtoyuma məntəqəlıri qiyməti qaldırmayıb. Güman ki, bu həftə işlədikdən sonra eyni addımı atacaq.

Qeyd edək ki, qeyri-əhali üzrə suyun qiyməti qaldırılmasa da tullantı sularının axıdılması xidmətlərinin tarifləri 3 dəfədən çox artırılıb.