Aydın Hüseynov: “Avropa Parlamentinin qətnaməsi qərəzlidir”

“Avropada ikili standartlar mövsümi xarakterli deyil, hər zaman bu qurumun mahiyyətində ayrı-seçkilik olub, var və bundan sonra olacağını da əminliklə demək olar. Nə qədər ki, Avropa İttifaqının “yol xəritəsi”ni, gələcək planlarını, strategiyasını Fransa kimi islamofob, irqçi dövlət müəyyən edir və edəcək, bu qurumdan yaxşı heç nə gözləmək olmaz. Fransa erməni separatçılarına daim kərtənkələ xidməti göstərib və bu gün də Qarabağda ləğv olunmalarına, silinib-süpürülmələrinə baxmayaraq rəsmi Paris tərəfindən bəslənilir, onların əməllərinə dəstək verilir. Bu ölkədə uzun illərdir ki, separatçı korsikalılarla bağlı əsl döyüşlər gedir. Fransa rəsmiləri Korsika adasının azadlıq istəyini boğmaq üçün separatçıların liderlərinə qarşı ən amansız üsullardan, hətta hərbi müdaxilədən istifadə edir, onları zindana salır, öldürür. Bu, danılmaz faktdır. Amma bu ölkənin Qarabağdakı erməni separatçılarına verdiyi dəstəyi yalnız bir formada izah etmək olar, ikili standart nümunəsi, irqi və dini ayrı-seçkilik”. Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat Avropa Parlamenti tərəfindən Azərbaycanla bağlı qətnamənin qəbulunda da Fransa və digər ermənipərəst dövlətlərin rolunun olduğunu bildirib: “Avropa Parlamentinin qətnaməsi qərəzlidir. Buna qəti etirazımızı bildiririk. Bu, addım yalnız ikitərəfli münasibətlərimizə ziyan vurur, indiyədək formalaşmız əlaqələri hədəfə alır. Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur və bu qurumun qəbul etdiyi qətnamə, qərar da bizim üçün adi kağız parçasından başqa bir şey deyil. Avropa Parlamenti İttifaqı öz problemləri ilə məşğul olsa daha yaxşı olar. Dünya ölkələri tərəfindən tanınmış Azərbaycan ərazisinin 20%-i 30 ildən artıq Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. Amma bu gün ermənilərdən ötrü canfəşanlıq edən Avropa Parlamenti azərbaycanlıların faciəsinə etinasızlıq göstərib, əksinə qondarma qurumun müdafiəsinə yönələn addımlar atıb. Separatçıların, işğalçıların, cinayətkarların yanında olub”