Aydın Hüseynov: “Laçın yolu açıq olduğu halda, yenə Ermənistanın mövqeyinə istinad edilir”

“Bəzi ölkələr və beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsi barədə fikir bildirəndə böyük yanlışlıqlara yol verirlər. Bəlli olur ki, onlar münaqişənin tarixi barədə dəqiq məlumatı birbaşa mənbədən almaq, tarixi araşdırmaq, tərəflərin verdiyi məlumatları sintez və analiz etmək əvəzinə birtərəfli münasibətlə işlərini bitmiş hesab edirlər. Bu da qərəzə, təhrifə, yalana gətirib çıxarır”.

Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Qarabağda yaşayan ermənilərin sayı barədə Ermənistan tərəfinin verdiyi, daha doğrusu sızdırdığı “120 min” rəqəmi bəzi dairələr, ölkələr tərəfindən yoxlanmadan, əsaslandırılmadan hallandırılır: “Laçın yolu açıq olduğu halda, yenə Ermənistanın mövqeyinə istinad edilir və beynəlxalq qaydalara uyğun olaraq sərhəd-keçid məntəqəsinin qurulmasını “blokada” kimi təqdim edirlər. Məqsəd Azərbaycana təzyiq etməkdir. Qarabağda erməni əsilli vətəndaşlarımızın “humanitar fəlakət”lə baş-başa qaldıqları barədə məlumatlar da erməni tərəfinin uydurmasıdır. Çox təəssüflər ki, bəzi dövlətlər bunun belə olmadığını bildikləri halda yenə erməni tərəfinin yalanlarına, iftiralarına şəriklik edirlər. Maraqlıdır, həmin ölkələr öz ərazilərindəki separatçı əməllərə də eyni reaksiyanı verərlərmi? Təbii ki, yox. Bu gün dünyanın əksər ölkəsində separatçılıq faktları var və həmin ölkələr qəti olaraq bu hərəkətlərə qarşı ən sərt üsuldan istifadə edirlər. Bu gün Avropa İttifaqına üzv ölkələrdə 400-500 separatçı ocaqlar var. Amma indiyə qədər heç bir Avropa ölkəsi onların fəaliyyətini, əməlini təqdir etməyib, onların fəaliyyətinə yaşıl işıq yandırmayıb. Əksinə, onlara qarşı qanunun ən sərt maddələri tətbiq edilir. Qrabağ separatçılarının himayədarı Fransa Korsikanın müstəqilliyinə qarşı diplomatiyadan, siyasətdən, danışıqlardan qabaq silahdan istifadə edir. İndiyədək bütün etiraz aksiyalarında korsikalılar silahla susdurulub. Amma Fransa özünə rəva görmədiyini Azərbaycana rəva görür, erməni separatçılarını müdafiə edir, onları hərtərəfli bəsləyir.  Separatçılıq problemi yaşayan Fransa erməni separatçılarının yanındadır”.

Deputat Qarabağdakı ermənilərin keçirdiyi qanunsuz “seçkilər”ə də toxunub: “Xəbərdarlıqlara baxmayaraq separatçı ermənilər qondarma “seçkilər” keçirdilər. Əslində buna şou da demək olar. 30 separatçı bir yerə toplaşıb özlərinə “president” seçdilər. Təbii ki, bu “seçkilər”i heç bir ölkə, Ermənistanın özü belə tanımadı. Əksinə iri regional və qeyri-regional dövlətlər bu hadisəni qınadılar. 30 il işğal altında qalan 20 faiz torpaqlarımızda qurduqları separatçı, qondarma qurumu dünya ölkələrinə tanıda bilməyən ermənilər bir daha dərindən düşünməlidirlər ki, indiki zamanda, Azərbaycanın bütün mənalarda üstün olduğu bir vaxtda öz utopik arzularını necə reallaşdıracaqlar? Bu sual barədə düşünsələr yaxşıdır. Azərbaycan öz ərazilərinin hər bir qarışında suveren hüquqlarını tam olaraq bərpa etməyə qadirdir və bunu edəcək. Sadəcə, biz müharibə istəmirik, gücdən çox diplomatiyaya üstünlük veririk. Bu da Azərbaycanın humanizmindən irəli gəlir”.