Deputat: “Ürəkləri hara istəyir getsinlər və yaşasınlar”

Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Qarabağdakı ermənilər üçün göndərilən ərzaq və qeyri-ərzaq dolu 1  yük maşını bu gün Ağdam yolu ilə Xankəndiyə gedib.

Beləliklə, uzun illərdən sonra Ağdam-Xankəndi yolu açılıb və işlək vəziyyətə düşüb. Bundan sonrakı proseslərin necə cərəyan edəcəyi maraqlıdır.

Azərbaycanın da Qarabağ erməniləri üçün hazırladığı ərzaq yardımı Ağdam yolu ilə Xankəndiyə çatdırıla bilərmi? Əgər Azərbaycanın yardımı Xankəndiyə buraxılmasa, nələrin baş verəcəyini proqnoz etmək olar?
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Rusiyanın yardımının Xankəndiyə buraxılması Azərbaycanın siyasi mövqeyinə uyğun həll edilib:

“Ağdam yolunun açılması və Rusiyanın humanitar yükünün Xankəndiyə çatdırması öz-özlüyündə Azərbaycanın irəli sürdüyü siyasi mövqeyin və bir neçə həftədir ki, davam edən beynəlxalq raund konfrontasiyaların ölkəmizin görüşünə uyğun həllinin göstəricisidir. Biz bunu indiki halda Laçın-Xankəndi yolu ətrafında yaradılan koalisyalar, ölkəmiz əleyhinə təzyiq qərarları verənlərin mövqelərinin zərbə alması kimi qiymətləndiririk. Digər tərəfdən, heç şübhəsiz ki, bir çoxları bunu Rusiya və Azərbayacan arasında regional məsələlərdə yüksək bir anlaşmanın mövcudluğuna yozur. Bir çoxları Rusiyaya məxsus humanitar yükün Xankəndiyə çatdırılmasını öz məğlubiyyətləri kimi qiymətləndirəcək. Arayik Arutyunyanı istefaya məcbur edən, lakin əli hələ də yerli hakimiyyətə çatmayan dairələr, Qarabağ ətrafındakı prosesləri 90-cı illərin senarisinə qaytarıb Ermənistanda hakimiyyəti devirmək istəyən qüvvələr bu siyahıdadır. Azərbaycanın strategiyası isə qətiyyən Paşinyanı hakimiyyətdən devirmək üzərinə qurulmayıb. İndiki halda onun iqtidardan getməsi bir sıra proseslərə hətta  mənfi təsir göstərə bilər”.

Deputat vurğulayıb ki, Ağdam-Xankəndi yolunun işlək vəziyyətə gəlməsi və Rusiyanın humanitar yükünün Xankəndiyə çatması büsbütün Qərbin ziyanınadır:
“Belə ki, Qərb dövlətləri maksimum dərəcədə Rusiyanın mövqeyinin burada uğur qazanmamasında maraqlıdırlar. Həmin yükün Xankəndiyə çatmasının qarşısının alınmasını, konfrontasiyanın törədilməsi fonunda sülyaradıcı qüvvələrin statusunun, imicinin aşağı düşməsini istəyirlər. Paşinyanın “biz Ermənistanı qorumaq üçün başqa alternativləri işə salmışıq” devizini həm də Qarabağa tətbiq etmək istəyirlər. Belə bir fikir yaratmaq istəyirdilər ki, Rusiya sülhməramlıları proseslərə nəzarət edə bilmir və bir maşının ora keçirilməsi insanların iradəsi  ilə baş tutmur. Onlar bunu insanların özlərinə Rusiyadan təhlükə gördüyü ilə əlaqələndirəcəkdilər. Mənzərə yaranacaqdı ki, anti-Rusiyaçılıq Ermənistanda olduğu kimi, Qarabağda da pik nöqtəsinə çatıb. Ona görə də, insanlar Rusiyadan gələn hər hansı ərzaq məhsulundan imtina edirdilər. Bu avtomatik olaraq ABŞ-ın NATO-nun, Qərb dairələrinin sülhyaradacı qüvvələrinin regiona gətirilməsi yolunu açır. Bu planların hamısı böyük zərbə aldı. Həmin qüvvələr maksimum çalışacaq ki, bir neçə istiqamətdə təxribatlarını davam etdirsinlər”.
Komitə sədri bundan sonra proseslərin necə cərəyan edəcəyindən də söz açıb:
“Anlaşmaya əsasən, yaxın günlərdə Laçın-Xankəndi yolu işlək vəziyyətdə olacaq. Lakin Azərbaycan tərəfi öz mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Burada prinsipal məqam ağır yüklərin Ağdamla, digər nəqliyyat vasitələrinin və insanların hərəkətinin isə Laçın yolu üzərindən gerçəkləşməsi ilə bağlıdır. Həmin yüklər sərhəddə müvafiq gömrük və digər qanunvericilik tələblərinə uyğun yoxlanıldıqdan sonra buraxıla bilər.  Hadisələrin indiki vəziyyətinə baxsaq, “aclıq soyqırımı”, “humanitar böhran” kimi ifadələri dilinə dolayanlar öz arqumentlərinə yenidən baxmalı olacaqlar. Dünya ölkələrində də dəhlizlər, əsas yollara nəzarət uğrunda iğtişaşlar gedir. Hörmüz boğazı, Süveyş kanalı, o cümlədən Avropa, Asiya və Afrika arasında çox ciddi dəhlizlər var ki, Çin Amerika  və Avropa Birliyi arasında savaş meydanıdır. Onlar istəyirdilər ki, Laçın yolundan belə bir müharibə predmeti düzəltsinlər. Ona görə də, 100-ə yaxın müşahidəçini Ermənistan-Azərbaycan sərhədinə yığıblar. Ardınca Amerika Birləşmiş Ştatlarının Ermənistanda təlimlərinə start verilib. Rusiya XİN müavinləri, o cümlədən Mariya Zaxarovanın dili ilə buna kəskin reaksiya verdi. O cümlədən Peskov özünün media açıqlamalarında bu məsələyə toxundu. O bunun çox ciddi və mənfi nəticələr doğuracağını söylədi. Hətta dünən bir az da irəliyə getdi: ona sual verildi ki, Ermənistan və Azərbaycan arasında hərbi toqquşmalar baş verərsə və Azərbaycan qüvvələri İrəvana doğru müəyyən təhlükələr doğurarsa, Rusiya müttəfiqlik öhdəliklərinə rəğmən addımlar atacaqmı? Peskov cavab verdi ki, “Ermənistan 1991-ci il Almatı bəyannaməsini təkrar gündəliyə gətirərək, fərqli bir vəziyyət yaradıb. Bunun cavabdehi də Ermənistandır”.
Bu nəinki Qarabağ, o cümlədən Ermənistan içərisində hərbi əməliyyat gedərsə, Rusiyanın proseslərə müdaxilə etməyəcəyi anlamına gəlir. Bu, Ermənistan üçün ciddi mesajdır. Azərbaycan mərhələli şəkildə strateji hədəflərinə çatmaqdadır. Ötən ilin 12 dekabrından start götürən aksiya Laçın yolunda sərhəd-buraxılış məntəqəmizi bərqərar etməklə nəticələnib. Məsələyə qarşı olan daxili və xarici qüvvələr, hətta UNİCEF-in rəhbəri bəyan edib ki, “Azərbaycanın mövqeyi qalib gələrsə, yəni Ağdam-Xankəndi yolunun açılması, 10 noyabr 2020-ci il bəyannaməsinin müddəalarından irəli gələn 5 km-lik zolaqdan ibarət Laçın yolunun işləməsi Qarabağın Ermənistanla daimi kontaktda qalması məsələsinin üzərindən tamamilə xətt çəkəcək.

Azərbaycan yol savaşında da qalib gələcək. Öz mövqeyini irəli aparacaq. Ölkəmizə təsirlər mümkün olmayacaq”.
Z.Oruc Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin yardımının da Xankəndiyə çatacağını söyləyib:
“Rusiya və Azərbaycan arasında danışıqların bu istiqamətdə öz bəhrəsini verəcəyinə ümidvarıq. Çünki bölgəyə yeni siyasi oyunçunun, dövlətin daxil olması prosesi daha da düyün nöqtələrə salır. Eyni zamanda, humanitar məsələni siyasiləşdirir. Onun ətrafında ciddi konfrontasiyalara səbəb olur. Hesab edirəm ki, Ağdam-Xankəndi yolunun və Laçın yolunun açılmasından sonra üçüncü addım kimi bizim humanitar yardımımız Xankəndiyə çatmalıdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev vurğulayıb ki, Rusiyanın humanitar yardımının Ağdam yolu vasitəsilə Xankəndiyə çatdırılması dünyaya ciddi mesajdır:
“Rusiya Qırmızı Xaç Komitəsinin yükü Ağdam-Xankəndi yolundan keçərək son nöqtəsinə çatıb. Bu, dünyaya bir mesajdır ki, Azərbaycan ərazisinə daxil olan hər bir yük gömrük və sərhəd prosedurlarını keçməklə hansısa məntəqəyə və subyektə çatdırıla bilər. Birmənalı şəkildə bu Azərbaycanın qanunudur. İndi də Ağdam-Xankəndi yolu ilə yükün aparılması bütün prosedurlara uyğundur. Bu müstəqilliyimizin ən mühüm atributlarından biridir. Ən əsası da odur ki, humanitar yüklərin daşınması gələcəkdə də davam edə bilər. Laçın yolu ilə gətirlən yüklər Azərbaycana ikinci ölkənin ərazisindən daxil olduğu üçün mütləq şəkildə gömrük və sərhəd prosedurlarını keçməlidir. Bu belə də olacaq. Hər hansı dəhlizdən söhbət gedə bilməz”.

Deputat bildirib ki, beynəlxalq aləmdə heç kəs Azərbaycana təzyiq edə bilməz:

“Çünki Azərbaycanın öz qanunları var. Biz beynəlxalq norma və qanunları pozmuruq. 2020-ci ilin noyabr bəyannaməsinə uyğun olaraq ilk növbədə qanunsuz silahlı birləşmələr ərazini tərk etməlidir. Bu ərazini tərk edərkən prosedurlar Azərbaycanın və beynəlxalq hüququn qanunlarına uyğun olmalıdır. Azərbaycanın daxili və xarici siyasəti var. Bu daxili və xarici siyasətə uyğun olaraq öz suverenliyimizi və ərazi bütövlüyümüzü qoruyuruq. Bu belə də olacaq”.

Milli Məclisin deputatı Kamran Bayramov Rusiya Qırmızı Xaç Komitəsinin humanitar yükünün Ağdam yolu ilə Qarabağa çatdırılmasının tarixi hadisə olduğunu deyib:
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Komitəsinin birgə sövdələşməsinə əsasən, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin ərzağa olan ehtiyacının qarşılanması məqsədi ilə 1 TIR  yük Ağdam-Xankəndi yolu ilə aparılıb. Bu əsas məsələdir. Əminliklə deyə bilərik ki, Ağdam-Xankəndi marşrutu açılır və işlək vəziyyətə düşür. Bu, bizim qazandığımız böyük qələbədir. Bizim təklifimiz qəbul olunub. Azərbaycan öz istəyinə nail olub. Əsas məqam bundan ibarətdir ki, ermənilərin uydurduğu blokada, aclıq yalanı artıq ifşa olunub. Bakıdan Laçın-Xankəndi yolunun açılması xahiş olunacaq. Humanitar yüklərin daşınması üçün iki yolun eyni vaxtda açılması təklif olunmuşdu. Düşünürəm ki, yaxın gələcəkdə digər yolun da açılmasının şahidi olacağıq. Əlbəttə, bu zaman sərhəd və gömrük prosedurları tətbiq olunandan sonra yüklər buraxılacaq. Ağdam-Xankəndi yolunun işlək vəziyyətə düşməsindən sonra Laçın yolu da açılarsa, bu o deməkdir ki, separatçı rejimin hərbi təminatı sıfırlanacaq. Əvvəl Laçın yolundan nəzarətsiz personal daşınırdısa, artıq bu mümkün deyil. Eyni zamanda Ağdam-Xankəndi yolunun açılması Xankəndidə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün ilk və vacib addım kimi qəbul edilməlidir”.

Deputat vurğulayıb ki, bütün bu işlər görüldükdən sonra rəsmi Bakı dayanmayacaq:

“Bir neçə gün ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yükləri Xankəndiyə yola salınmalıdır. Bu istiqamətdə tədbirlər görülməli, təkliflər verilməlidir. Biz buna yaxın zamanda nail olacağıq”.
Milli Məclisin digər deputatı Vüqar İskəndərov deyib ki, Rusiyanın humanitar yardımının Ağdam yolu vasitəsilə Xankəndiyə aparılması Azərbaycanın məqsədinə çatması deməkdir:
“Bu Azərbaycanın məqəsədinə çatması anlamına gəlir. Digər tərəfdən, hamı bilməlidir ki, Azərbaycan öz suveren ərazisində legitim hüquqlarından istifadə edir. Hansı yüklərin haradan haraya və nə vaxt aparılması rəsmi Bakının öz daxili işidir. Proses Azərbaycan-Rusiya anlaşması əsasında gedir. Bu belə də olmalıdır. Azərbaycan tərəfi bu yolun işləməsində israrlıdır. Erməni təbliğatının, onları dəstəkləyən qüvvələrin haray-həşirinə baxmadan Azərbaycan mərhələli şəkildə öz məqsədlərinə çatmaqdadır”.

Deputat söyləyib ki, Xankəndidəki erməni sakinlərin ərzaq və digər məhsullara ehtiyacı yaranarsa, Azərbaycan öz yardım əlini uzada bilər:
“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin un dolu TIR-ları həmin yolda günlərdir gözləyir. İndiki stiuasiyada diqtə edən tərəf Azərbaycandır. Qarabağ və digər konflikt məsələlərin bitməsi gözümüzün önündədir. Artıq digər mərhələyə keçmişik. Bu da Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlıdır. Separatçılar oradakı erməniləri girov saxlamaq istəyir. Şou yaradaraq dünyanın diqqətini bölgəyə yönləndirməyə çalışırlar. Məsələni beynəlxalq müstəviyə qaldıramağı məqsəd götürüblər. Bütün bunlar Azərbaycanın düzgün siyasəti nəticəsində fiaskoya uğrayır. Hazırkı proseslər Azərbaycanın tələb və təklif etdiyi məsələlərə uyğundur. Bu belə də davam edəcək. Oradakı insanlar Azərbaycan Konstitusiyasına uyğun yaşamalı olduqlarını anlamalıdırlar. Bir də bilməlidirlər ki, daha layiqli, daha gözəl şəkildə Azərbaycan vətəndaşı kimi yaşayacaqlar. Bunu istəməyənlərə qapılar açıqdır. Ürəkləri hara istəyir getsinlər və yaşasınlar”.