Aydın Qurbavun xatirəsi tədbir keçirilib

04

 

Moskvada böyük mesenat və biznesmen, Ümumrusiya Azərbaycan Konqresinin əsasını qoyanlardan biri olan Aydın Qurbanovun 60 illiyinə həsr edilmiş tədbir keçirilib.

ÜAK və Aydın Qurbanov Xeyriyyə Fondu tərəfindən təşkil olunmuş gecəni Rusiyanın “Mədəniyyət” televiziya kanalının aparıcısı, bakılı Vladislav Flyarkovski aparıb: “Mən təsəvvür edirəm, Aydın Qurbanov düşündüklərinin heç də hamısını yerinə yetirə bilməmişdir. O minlərlə insana kömək etmək istəyirdi, amma əcəl aman vermədi. Aydın Qurbanovun istəkləri onun həyat tarixinə yazılsa, zənnimcə, çoxcildli bir əsər alınar”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu toplaşanları salamlayaraq deyib: “Təəssüf ki, bu gözəl insan indi aramızda yoxdur. Amma deyirlər ki, insan yad edilirsə, deməli, sağdır. Bu gün müxtəlif şəhərlərdən onun dostları Moskvaya gəlmişlər. Bu, onu göstərir ki, Aydın Qurbanov çox gözəl insan olmuşdur. Yəqin ki, onun öz şəxsi vəsaiti hesabına Bakıda başlıca pravoslav kafedral kilsəsi tikməsini onun ən böyük xeyirxah əməli hesab etmək olar. Müsəlmanın pravoslav məbədi tikməsi faktının özü Aydın Qurbanovun həyata münasibətini və insanların ona münasibətini əks etdirir. Həmin məbədin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdi”.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev qeyd edib ki, bu gün iki tarixi gün qeyd olunur: Aydın Qurbanovun 60 yaşı və onun vəfatının 10 ili. ÜAK-ın prezidenti deyib: “Aydın Qurbanov haqqında düşünəndə başa düşürsən ki, əvəzolunmaz insanlar var. Onun xeyirxah əməlləri təkcə azərbaycanlılar tərəfindən deyil, həmçinin Rusiyada, eləcə də Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri tərəfindən qiymətləndiriləcəkdir”.

Onun sözlərinə görə, Aydın Qurbanov 70-ci və 80-ci illərin gənclərinin parlaq nümayəndəsidir. SSRİ dağıldıqdan sonra o, bugünkü müasir Rusiyanı, onun iqtisadiyyatını quran insanların sırasında olub. M.Əliyev xüsusi qeyd edib ki, Aydın Qurbanov Ümumrusiya Azərbaycan Konqresinin yaradıcılarından biri olub: “Aydın Qurbanov çox nüfuzlu və ciddi adam idi. Düşünürəm ki, Səməd Qurbanov atasının işinin gözəl davamçısıdır. Aydın Qurbanovun vəfatından 10 il keçir. Xeyriyyəçinin nəvəsi böyüyür, onun da adı Aydındır. Əgər Aydın Qurbanov bu gün sağ olsaydı, öz ailəsindən, dostlarından, ümumiyyətlə, bütün Qurbanovlar ailəsindən razı qalardı”.

Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr Bakıda Müqəddəs Mirodaşıyanlar kafedral kilsəsinin bərpasından, onun açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakından danışıb. Arxiyepiskop Aleksandr Bakıda ən iri pravoslav məbədinin bərpasında Aydın Qurbanovun böyük xidmətləri olduğunu bildirib: “Bakıdakı Müqəddəs Mirodaşıyanlar məbədinə Rusiyadan çox adam gəlir. Bir çox moskvalılar bildirirlər ki, bu məbəd Moskvanın da yaraşığı ola bilərdi. Məncə, bu, yüksək qiymətdir. Bu məbəddə ali qonaqları qəbul edərkən mən həmişə deyirəm: Bu məbəd Rusiya-Azərbaycan dostluğunun rəmzidir”.

Tanınmış mesenatın dostları və qohumları onun haqqında xatirələrini bölüşüblər.

Aydın Qurbanovun oğlu, Aydın Qurbanov Xeyriyyə Fondunun rəhbəri, ÜAK idarə heyətinin üzvü Səməd Qurbanov öz çıxışında atasının xatirəsini əziz tutduqlarına görə iştirakçılara ailəsi adından minnətdarlığını bildirib: “Şəxsən mənim üçün atam əsl kişilik və öz vətənin həqiqi vətənpərvəri timsalıdır. Çox ümid edirəm ki, atama olan bu hörməti və münasibəti onun adını daşıyan oğluma ötürə biləcəyəm”.

O qeyd edib ki, Aydın Qurbanov Fondu Zirə qəsəbəsində Cümə məscidi tikməyi qərara alıb: “Çox az adam bilir ki, atam Bakıda Müqəddəs Mirodaşıyanlar kafedral kilsəsinin bərpasından sonra Azərbaycan ərazisində məscid tikməyə başlamağı planlaşdırırdı. Təəssüf ki, xəstəlik aman vermədi. Bu gün Aydın Qurbanov Fondu Bakının yaxınlığında yerləşən Zirə qəsəbəsində Cümə məscidi tikmək qərarına gəlmişdir. Düşünürəm ki, bu yolla atamın xeyirxah işləri davam etdiriləcəkdir”.

Tədbirdə Aydın Qurbanovun qohumları və dostları, ailə üzvləri, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, Azərbaycanın və Rusiyanın görkəmli dövlət və ictimai xadimləri iştirak ediblər.

Gecədə Aydın Qurbanovun həyat və fəaliyyəti haqında film göstərilib.

Tədbirdə Azərbaycanın Xalq Artisti Alim Qasımovun, müğənni Fərid Əsgərovun, pianoçu Murad Hüseynovun, Rusiyanın və Azərbaycanın digər mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi nömrələri səsləndirilib.