“Azərbaycan “Əsrin yeni müqaviləsi”ni imzaladı”

9

 

 

Qazaxıstanın rəsmi dövlət agentliyi Kazinformun internet səhifəsində “Azərbaycan “Əsrin yeni müqaviləsi”ni imzaladı” başlıqlı məqalə yerləşdirilib.

Məqalədə “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanması mərasimi geniş işıqlandırılıb. Qeyd edilib ki, yalnız Azərbaycan deyil, həm də bütün Avropa üçün böyük əhəmiyyətə malik olan bu razılaşmanı “Əsrin yeni müqaviləsi” adlandırmaq olar.

Yazıda sənədlərin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı da qeyd edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanması mərasimindəki nitqindən bu sözlər yer alıb: “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcək.

Lakin bu gün mən 19 il bundan öncəyə – Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə “Əsrin müqaviləsi”ni imzalayıb. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açıb və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edib. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılıb. “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaq”.

Yazıda, həmçinin layihənin dəyərinin 25 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi, “Şahdəniz” layihəsinin imzalanması tarixi və payçı ölkələr haqqında geniş məlumat verilib.