“Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub” – Deputat

“Azərbaycan və Özbəkistan xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Eyni kökə malikik, ortaq tariximiz var, dini və mədəniyyəti bölüşən iki dost və qardaş xalqlarıq və əlaqələrimizin tarixi qədim dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Ötən 30 il ərzində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır”.

Bunu   Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən Azərbaycan və Özbəkistan bu sahədə də fəal əməkdaşlıq həyata keçirir: “Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verəcək. Sevindirici haldır ki, səfər zamanı Azərbaycan və Özbəkistan iki ölkə arasında aviareyslərin sayının artırılması barədə razılığa gəliblər. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Azərbaycanla Özbəkistan arasında əlaqələr bütün sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında da uğurla davam etdirilir. Parlament nümayəndələri müntəzəm olaraq Özbəkistanda və Azərbaycanda keçirilən prezident və parlament seçkilərində, eləcə də müxtəlif beynəlxalq tədbirlərdə beynəlxalq müşahidəçi qismində iştirak edirlər. 1995-ci ildən iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası dostluq qrupları fəaliyyət göstərir”.