“Macarıstan və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dərinləşdirəcək” – Deputat

“Azərbaycan  və Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq ruhunda  yüksək səviyyədə inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində  mühüm yerlərdən birini tutur. Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov   bildrib.

K.Bayramov qeyd edib ki, çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə, Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında, Macarıstanın Azərbaycandakı səfirliyi isə 2009-cu il yanvarında yaradılıb.  Macarıstan 2014-cü il noyabrın 11-də Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşma imzalayıb. Macarıstanda hazırda xeyli azərbaycanlılar yaşayır, Macarıstan universitetlərində Macarıstan dövləti hesabına yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Dövlət rəsmilərimiz arasında mütəmadi görüşlər keçirilir.
K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan-Macarıstan əlaqələri yalnız, enerji sahəsində əməkdaşlıq üzərində qurulmayıb. Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə ilə ikitərəfli əməkdaşlığı strateji səviyyəyə yüksəltmiş dost dövlətlərdir və xüsusən təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə ciddi qarşılıqlı dəstək verməkdədirlər.
K.Bayramov  xatırladıb ki, 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. Eyni zamanda, ötən il Buxarestdə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Beləliklə, iki tərəfli dostluq əlaqələri çoxtərəfli milli maraqlara xidmət edən platformaların yaradılmasına imkan yaratdı. Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Macarıstan regionda ən böyük təbii qaz anbarına malikdir və iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlığın qurulması hər iki tərəfə strateji perspektivlər vəd edir. Azərbaycan qazının qarşıdakı dövrdə Macarıstana təhlükəsiz şəkildə nəql olunması regionun taleyinə mühüm təsir edəcək.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri həm strateji tərəfdaşlığın dərinləşdirilməsi, həm də, görülən işlərin səmərəliliyinin artması  baxımdan mühüm əhəmiyyət kəsb edir. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa mühüm önəm verərək,  Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu yüksək dəyərləndirir.

Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26 faiz artaraq, 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb. Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərinin bariz nümunəsidir.  Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək. Dövlət başçımız qeyd edib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.
K.Bayramov onu da vurğulayıb ki, Azərbaycan şəhərsalma istiqamətində  bu sahədə çox böyük təcrübəsi olan Macarıstanla birgə işləyəməyi planlaşdırır. Bildiyimiz kimi, on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bir daş, daş üstə qalmayıb. Bütün binalar, bütün infrastruktur işğal dövründə dağıdılıb.

Deputat xatırladıb ki, ötən səfər zamanı Azərbaycan Prezidenti mina təmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq, bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar gördüyünü bəyan etmişdi.

Sonda Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki,  Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştə işgüzar səfəri, həm strateji tərəfdaşlığın dərinləşdirilməsi, həm də, görülən işlərin səmərəliliyinin təhlili baxımdan mühüm əhəmiyyət kəsb edir.