Azərbaycan Braziliya ilə İKT sahəsində əməkdaşlıq edəcək

“Bakutel”ə Braziliya şirkətləri də maraq göstərir.

85

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə görüşüb.

Xalq.az xəbər verir ki, bu barədə məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi verib.

Məlumata görə, Azərbaycanla Braziliya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün sahələrdə əks olunduğunu deyən nazir Əli Abbasov digər sahələrdə olduğu kimi, İKT sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb.

Azərbaycanda gedən sürətli inkişaf prosesləri ilə tanış olduğunu deyən Santyaqo Luis Bento Fernandes Alkasar da ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib.

İKT sahəsində münasibətlərin inkişafında Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri telekommunikasiya sərgisi olan “Bakutel”ə Braziliya şirkətlərinin də maraq göstərdiyi vurğulanıb.

Səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.