“Azərbaycan buna yol verməyəcək” – Deputat

“Azərbaycandan gedən humanitar yükləri Qarabağda yaşayan erməni icmasının qəbul etməməsi onların humanitar fəlakət adı altında əslində etnik separatçılıqla məşğul olduqlarını bir daha üzə çıxartdı və bəlli oldu ki, ermənilərin niyyəti heç də Azərbaycanın tərkibində yaşamaq, Azərbaycan cəmiyyətinə inteqrasiya etmək deyil. Tam əksinə, yenidən hadisələri 1988-ci ilə qaytararaq etnik separatçılığı Azərbaycana qarşı yenidən başlatmaqdan ibarətdir ki, Azərbaycan buna yol verməyəcək”.

Bunu  Milli Məclisin deputatı Hikmət Babaoğlu Qarabağdakı ermənilərin Qızıl Aypara Cəmiyyəti və eləcə də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yardımı qəbul etmək istəmədiklərini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə humanitar missiya ilə məşğul olduğu halda siyasi qərarlar qəbul etməsi və siyasi oyunlara alət olunması bir daha onu göstərir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi əslində humanitar təşkilatdan daha çox hansısa qlobal mərkəzlərin əlində bir alətə çevrilib.

“Bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin imicinə, etibarına, missiyasına zidddir, ziyandır və belə mövqe davam edəcəksə, Azərbaycan bu təşkilatla əməkdaşlığına yenidən baxa bilər. Hər şeydən öncə öz nizamnaməsində humanitar missiyanı, fövqəladə və müharibə vəziyyətində vətəndaşlara yardımı, irqi, milli, dini ayrıseçkilik etmədən sırf insani dəyərlərdən çıxış edərək insanlara yardımın çatdırılmasını özünə vəzifə hesab edən Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün siyasi spekulyasiyalara özünə alət edibdir. Bu, yolverilməzdir. Bu, bir daha Qərbin humanitar və qeyri-humanitar bütün təşkilatlarının, demək olar ki, hamısının qlobal imperializmin əlində, milli dövlətlər üzərində təzyiq alətinə çevrildiyinin göstəricisidir”, – deyə H.Babaoğlu vurğuladı.